Mingəçevirdə qətl hadisəsi baş verib. Qardaş böyük bacısını boğub. Bu barədə Vesti.Az-a Mingəçevir Polis İdarəsindən bildiriblər.
Belə ki, Kürün sahilində Yevlax rayonunun Havarlı kəndinin sakini 1978-ci il təvəllüdlü Qasımov Asif Aydın oğlu münaqişə zamanı 1977-ci il təvəllüdlü bacısı Ruhiyyə Qasımovanı boğub və çaya itələyib. Baş verən hadisədən sonra Asif Qasımov polis idarəsinə gələrək günahını etiraf edib. O, bildirib ki, bacısını namus üstündə öldürüb.
Bununla yanaşı istintaqa qətlin təffərrüatları məlum olub.
Qeyd edək ki, qətl səhər törədilib və kriminalistlər elə bu gün Qasımovanın meyitini Kürdən çıxarıblar.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, ilkin dindirilmə zamanı saxlanılan şəxs bildirib ki, onun bacısı iki dəfə ərdə olub və hər iki əri ilə yola getməyib. Birinci əri ilə ayrılıb, ikinci ərindən isə qaçıb. Qardaş bacısının axtarışına çıxıb və ona məlum olub ki, Mingəçevirdə məskunlaşan bacısı nəlayiq işlərlə məşğul olurmuş. Bu gün qasımov bacısını tapıb və onunla onun davranışını müzakirə etmək üçün görüşüb. Qardaş və bacı arasında sonu qətllə başa çatan münaqişə baş verib.
Polisdə həmçinin qeyd ediblər ki, Asif Qasımovu tanıyanların hamısı onu müsbət xarakterli insan kimi xarakterizə ediblər. Onun ailəsi və övladları var.
Qətl hadisəsi ilə bağlı Mingəçevir Prokurorluğunda cinayət işi açılıb.
14:53
Mingəçevir şəhərində qətl hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Kür çayının sahilində qeydə alınıb.
Yevlax rayonunun Havarlı kənd sakini, 1978-ci il təvəllüdlü Qasımov Asif Aydın oğlu Mingəçevir şəhərində yaşayan bacısı, 1977-ci il təvəllüdlü Qasımova Ruhiyyə Aydın qızı ilə dalaşaraq onu boğub və çaya itələyib. Suda köməksiz vəziyyətdə qalan qadın boğularaq ölüb.
Asif Qasımov könüllü olaraq Mingəçevir Şəhər Polis Şöbəsinə təslim olub. O, ilkin ifadəsində hadisəni namus üstündə törətdiyini deyib.
Mərhum Ruhiyyə Qasımovanın ailəli olduğu bildirilir.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır.
E.Ə.
www.oxu.az