Bakı Ağır Cinayətlər Məhkəməsində Kürdəmir rayon sakini Orxan Mehdiyevin CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Oxu.Az xəbər verir ki, ötən il iyulun 7-də Sabunçu rayonunun Zabrat qəsəbəsində aralarında yaranmış mübahisə zamanı Orxan Mehdiyev Andrey Sibizovu (1984-cü il təv.) qətlə yetirib, həmin gecə şübhəli şəxs Sabunçu RPİ 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
İstintaqla müəyyən edilib ki, tərəflər arasında mübahisə bir-birinə yol vermədiklərinə görə yaranıb, qarşılıqlı təhqirlərdən sonra sürücülər əlbəyaxa olublar. Orxanı yerə yıxıb ona yumruqla xəsarətlər yetirən zaman təqsirləndirilən şəxs cibində gəzdirdiyi bıçağı çıxararaq Andrey Sibizovun sinə nayihəsinə zərbə vurub.
Döş qəfəsindən bıçaq yarası alan Andrey Sibizov öz avtomobilinə əyləşərək hadisə yerindən bir az aralıda, Nizami küçəsində yerləşən evinə getməyə cəhd edib, amma kəskin qanitirmədən yolda dünyasını dəyişib. Qeyd edək ki, Bakı ş. Baş polis idarəsinin yaydığı məlumata görə təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində, cinayətin digər iştirakçısı, şəhər sakini Pərvin Qocayev (1983-cü il təv.) da saxlanılıb, lakin istintaqın gedişatında o iş üzrə şahid kimi tanınıb.
Məhkəmə prosesində Orxan Mehdiyev ifadəsində əməlini etiraf edib və bildirib ki, mərhumu əvvəllər tanımayıb, onu bıçaqla vurmaqda məqsədi özünü müdafiə etmək olub.
Zərərçəkmişin hüquqi varisi ifadəsinin sonunda təqsirləndirilən şəxsə sərt cəza verilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə O.Mehdiyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
C.H.
www.oxu.az