Zaqatala rayon Polis İdarəsinin əməkdaşları keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun ərazisində üç nəfərin öldürülməsi ilə nəticələnmiş silahı insidentdə iştirakda şübhəli bilinən bir şəxsi saxlayıblar.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, Zaqatala RPİ-dən “VAZ-2107” markalı avtomobilin sürücüsü, Balakən rayon sakini Vüqar Lahıcov saxlanılıb.
Xatırladaq ki, noyabrın 24-də saat 15:45 radələrində Zaqatalanın rayon mərkəzinə girişdə, “Şimşək” adlanan yerdə “VAZ-2107” markalı avtomobildə əyləşmiş naməlum şəxs Kalaşnikov avtomatından 99-FG-128 dövlət nömrə nişanlı Hyundai markalı avtomobili atəşə tutub.
Nəticədə 1981-ci il təvəllüdlü Bakı sakini Cəfərov Vasif Rafiq oğlu, Balakən rayonu Mahmala kənd sakini, Bakıda yaşayan 1979-cu il təvəllüdlü Xusanov Kamil Şamil oğlu və Bakıda, Qara Qarayev prospektində yaşayan Rəcəbov Vüqar Natiq oğlu öldürüblər.
Rayon prokurorluğunun məlumatına görə, hadisə nəticəsində Hyundai-in sürücüsü – Balakən rayonunun Qullar kənd sakini, 1991-ci il təvəllüdlü Əliğayev Vüsal Xəlil oğlu yaralanıb. Lakin o, güllə yarası almayıb. Belə ki, atəş açılan zaman taksi kimi fəaliyyət göstərən Əliağayev özünü avtomobildən ata bilib və beləliklə də, sağ qalıb. O, müxtəlif bədən xəsarətləri alsa da, həyatı üçün təhlükə yoxdur.
Atəşə tutulmuş avtomobildə öldürülənlərdən birinə aid olan odlu silah – tapança aşkarlanıb.
Bu arada məlum olub ki, saxlanılmış Lahıcov maşını atəşə tutan şəxs deyil.
“Cinayət törədilən an Lahıcovun maşınında bir neçə nəfər olub. Lakin o, dəqiq sayı açıqlamır. İndi biz bütün gücümüzü əsas şübhəlilərin axtarışına yönəltmişik”, - Zaqatala RPİ-dən bildiriblər.
Bildirilir ki, Lahıcovun əvvəllər də hüquq-mühafizə orqanları ilə işi olub, dəfələrlə narkotiklərin qeyri-qanuni dövriyyəsinə görə saxlanılıb. Bundan başqa, bəzi məlumatlara görə, o, narkotik maddə aludəçisi olub.
Öldürülənlərə gəldikdə isə, Xusanov Binəqədi rayonu ərazisində yaşayırmış və kafelərdən birinin sahibi imiş. Dostları Cəfərov və Rəcəbovu Zaqatalaya elə o gətirib. Üçlük Balakən rayonuna istiqamət alsa da, yolda onları “nol yeddi qabaqlayıb”...
İlkin istintaq zamanı məlum olub ki, avtomatdan öz ətrafında Saşa kimi tanınan Samir Osmanov atəş açıb.
Saşa əvvəllər oğurluq üstündə həbsdə yatıb. Xəfiyyələr Osmanovun hələ də Azərbaycan ərazisində olduğundan əmin deyillər, lakin axtarışlar davam edir.
İstintaqın baş verənlərlə bağlı çoxlu sayda versiyası var. Lakin hələlik onlardan heç biri yekun təsdiqini tapmayıb. Rayon prokurorluğundan onu da qeyd ediblər ki, iş xüsusi əhəmiyyətli olduğu üçün təhqiqat aparılması məqsədilə respublikanın Baş prokruroluğuna verilib.