Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Almaniyada deputat başındakı beretə görə parlamentdən çıxarıldı
Almaniyanın Bundestaqında (birpalatalı parlament) qeyri-adi hadisə baş verib: "Sol" partiyasının deputatı Marsel Bauer başındakı qara bereti çıxarmaqdan imtina etdiyi üçün iclas zalından çıxarılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Bild" nəşri məlumat yayıb.
33 yaşlı Bauerin geyimi 53 yaşlı həmkarı, Bundestaq sədr müavini Andrea Lindholtsun narazılığına səbəb olub. O, deputatdan baş geyimini çıxarmasını tələb edib. Bauer bu tələbi yerinə yetirmədikdə isə Lindholz onun plenar iclasdan uzaqlaşdırılmasına nail olub.
Bundestaqın rəsmi geyim qaydalarına əsasən, baş geyimlərinə yalnız dini səbəblərlə və ya tibbi zərurət halında icazə verilir. Hadisədən sonra Bauerin iclas zalını tərk etməsi, xüsusilə Xristian Demokratik və Xristian Sosial İttifaqlarının deputatları tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, bu, Bundestaqda geyim qaydaları ilə bağlı ilk qalmaqal deyil. 2019-cu ildə "Sol" partiyasından olan deputat Martina Renner pencəyinin yaxasında "Antifa" yazılmış nişan taxdığı üçün zalı tərk etməyə məcbur edilmişdi. 2020-ci ildə isə "Almaniya üçün Alternativ" partiyasının deputatı Beatriks von Ştorx COVID-19 pandemiyası dövründə maska taxmaqdan imtina etdiyinə görə dəfələrlə xəbərdarlıq almış və sonda iclasdan uzaqlaşdırılmışdı.