Bəzi insanlar arxasıüstə yatmaqdan çəkinməlidirlər.
Oxu.Az-ın "El Confidencial" nəşrinə istinadən xəbərinə görə, bu barədə kardioloq Aurelio Roxas danışıb.
İlk növbədə, Aurelio Roxas obstruktiv yuxu apnesi sindromu diaqnozu qoyulmuş insanlara bu pozanı seçməməyi məsləhət görüb. Yan üstə yatmaq onlarda tənəffüsün pozulması ilə bağlı epizodların sayını azalda bilər. Lakin həkim xəbərdarlıq edib ki, bədənin vəziyyətinin dəyişdirilməsi müalicəni əvəz etmir.
O həmçinin qastroezofageal reflüksdən əziyyət çəkən insanlara sol yanı üstə yatmağı tövsiyə edib. Bu, onlarda mədə-bağırsaq traktındakı narahatlığın intensivliyini azalda bilər. Bundan əlavə, bu pozanı hamiləlik dövründə, xüsusən də qarın böyüdükcə seçmək məsləhətdir.
Eyni zamanda, Aurelio Roxas vurğulayıb ki, əgər qadının hamiləlik dövründə boyun və ya onurğa sütunu ilə bağlı problemləri varsa, tövsiyələrə ciddi şəkildə əməl etməkdənsə, ən çox rahatlıq verə biləcək pozanı tapmaq daha vacibdir.