İran müharibədən əvvəl topladığı komponentlərdən və yeraltı istehsal sahələrindən istifadə edərək ballistik raketlərin istehsalını bərpa edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzetinə vəziyyətlə tanış olan ABŞ və Yaxın Şərq rəsmiləri bildiriblər.
Onların sözlərinə görə, müharibənin əvvəlində ABŞ və İsrailin raket komplekslərinə və sənaye müəssisələrinə endirdiyi kütləvi zərbələrə baxmayaraq, İran həm maye, həm də bərk yanacaqla işləyən raketlərin yığılması ilə məşğuldur.
Kəşfiyyat məlumatlarına görə, bir neçə yeraltı obyektdə, o cümlədən İranın cənub-şərqindəki Xocir raket obyektində hərəkətlilik müşahidə olunur. Bundan əlavə, İran yeni yeraltı istehsal sahələri yaratmağa cəhd edir.
Nəşrin mənbələri hesab edirlər ki, hələlik İran raketləri müharibədən əvvəlki dövrlə müqayisədə xeyli az miqdarda yığır. ABŞ və İsrailin zərbələri raketlərin və ehtiyat hissələrinin istehsal olunduğu zavodların bir hissəsini sıradan çıxarıb, dəniz blokadası isə detal və yanacaq komponentlərinin idxalını çətinləşdirib.
"The Wall Street Journal"ın həmsöhbətlərindən biri hesab edir ki, İran, ehtimal ki, iyunun ortalarında - ABŞ ilə barışıqdan sonra aşağı templə istehsalı bərpa edib.
Ağ Ev Tehranın ballistik raket istehsalını bərpa edib-etməməsi ilə bağlı suala birbaşa cavab verməkdən yayınsa da, İranın nüvə obyektlərinin məhv edildiyini və silahlı qüvvələrinin ciddi şəkildə zəiflədildiyini bəyan edib.