Ay bazası kimi kosmik obyektlərdə dörd kənd təsərrüfatı bitkisinin - buğda, şirin bibər, pomidor və göyərtinin becərilməsi nəzərdə tutulur.
Oxu.Az bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının (REA) Tibbi-Bioloji Problemlər İnstitutunun elmi katibi, biologiya elmləri doktoru Marqarita Levinskix TASS-a açıqlamasında danışıb.
"Kosmosa öz pomidorunla" layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransından sonra o bildirib:
"Əsasən, pomidor Ay stansiyası kimi kosmik bazada yetişdirilməsi planlaşdırılan dörd əsas bitki növündən biridir. Bu siyahıya buğda, şirin bibər, pomidor və müxtəlif göyərti növləri daxildir".
Onun sözlərinə görə, kosmik mühitdə yetişdirilmək üçün yeni bitki sortlarının yaradılması kifayət qədər mürəkkəb prosesdir. Belə sortlar həm kosmik şəraitə qarşı yüksək dözümlülük nümayiş etdirməli, həm də xüsusi fiziki parametrlərə (məsələn, konkret ölçülərə) malik olmalıdırlar.
"Kosmosa öz pomidorunla" layihəsi çərçivəsində Rusiya və Belarus şagirdləri REA-nın Tibbi-Bioloji Problemlər İnstitutu ilə birlikdə 2025-ci ilin avqust-sentyabr aylarında "Bion-M" №2 biosutniki vasitəsilə "Pinnokio", "Qroşik", "Donetski" və "Bıçye serdtse" kimi pomidor sortlarının toxumlarını fəzaya göndərəcəklər.
Şagirdlərin əsas vəzifəsi kosmik toxumları Yerdəki nəzarət qrupu ilə paralel şəkildə cücərtmək, həmçinin kəskin temperatur dəyişikliklərinin, çəkisizliyin və kosmik radiasiyanın bitkilərin boy atmasına və cücərməsinə necə təsir etdiyini araşdırmaqdır.
M.Levinskix əlavə edib ki, kosmosda olmuş pomidorlar öz biokimyəvi xüsusiyyətlərini qoruyub saxlasalar da, onlarda dəyişikliklər çox incə - molekulyar mexanizmlər səviyyəsində baş verib.
Alim fikrini belə tamamlayıb: "Gələcəkdə bu toxumların müəyyən bir qismində genetik aparatın dəyişikliyə uğraması ehtimalı var. Bu isə son nəticədə xüsusi kosmik sortların yaranmasına gətirib çıxara bilər".