Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq işlər davam etdirilir.
Oxu.Az xəbər verir ki, uzunluğu 29 km, eni əvvəllər 6 metr olan yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində yol yatağının eni 10 metrə qədər genişləndirilib. 2 hərəkət zolaqlı olmaqla, yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr təşkil edəcək. Ümumilikdə, 170 min m2 sahəsinin asfaltlanması nəzərdə tutulub.
Bundan başqa, layihə çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 110 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi və mövcud 3 körpünün təmir-bərpası işləri də həyata keçirilir. Körpülərdən birinin eni 6, uzunluğu 9 m, digər 2 körpünün eni və uzunluğu isə 5 metr təşkil edir.
İ.N