Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Dünyanın ən hündür binaları – FOTO
Hazırda inşaat işləri ilə məşğul olan şirkətlər hər gün daha modern, daha nəhəng binalar tikmək üçün bir-birilə yarışır.
Əvvəl ən hündür binalar deyiləndə ağlımıza Amerika, Kanada gəlirdi. İndi isə vəziyyət tamamilə dəyişib. Bu gün ilk ağlımıza gələn ölkələr Çin, Səudiyyə Ərəbistanı və digər Asiya ölkələridir.
Oxu.Az ağlınıza gəlməyəcək hündürlükdə olan binaları təqdim edir:
5. “Lotte World Tower” (LWT) – 555 metr
Cənubi Koreyada yerləşən yarımkilometr uzunluğundakı bu bina Seuldadır. Altı mərtəbəsi yerin altda olmaqla, 123 mərtəbədən ibarət “Lotte World Tower”ın tikinti işlərinə 2009-cu ildə başlanılıb. 2017-ci ildə tikintisi bitən göydələn dünyanın ən hündür beşinci binası sayılır.
Demək olar ki, kosmosdan görünən bu binadan daha yüksək dörd binanın olması isə qorxuducudur. Binada 80 ədəd lift fəaliyyət göstərir.
4. “Ping An” Beynəlxalq Maliyyə Mərkəzi – 599 metr
Çinin Şenzen bölgəsində yerləşən tikili 115 mərtəbədən ibarətdir. Onun dörd mərtəbəsi isə yerin altındadır. Hazırda dünyanın ən yüksək dördüncü binası olan tikilinin özündən daha qısa göydələndən daha az mərtəbəyə sahib olması isə diqqət çəkir.
Burada da 80 lift işləyir. Binanın tikintisi 2010-cu ildə başlayıb və yeddi il çəkib.
3. “Makkah Royal Clock Tower” – 602 metr
Səudiyyə Ərəbistanından yerləşən bina otel olaraq tikilib. Alman tikinti şirkəti tərəfindən inşa edilən dünyanın ən yüksək üçüncü binasının təməli 2002-ci ildə qoyulub. On il çəkən inşaat işləri 2012-ci ildə tamamlanıb. Bina 120 mərtəbədən ibarətdir.
Binada otellə yanaşı, İslam Muzeyi, Konfrans zalı, Ayı müşahidə etmək üçün mərkəz və 10 min nəfərin istifadə edə biləcəyi dua otağı var.
Nəhəng tikilinin içərisində beşmərtəbəli alış-veriş mərkəzi də istifadəyə verilib..
Dünyanın ən böyük saat qülləsi formasında olan binanın üstündəki yaşıl və ağ işıqlar 30 km uzaqdan belə görünür və namaz vaxtını xəbər verir.
2. “Shanghai Tower” – 632 metr
Çinin Şanxay şəhərində yerləşən bina amerikanlar tərəfindən tikilib və 127 mərtəbədən ibarətdir. Burulmuş formada olan göydələn dünyanın ən hündür ikinci binasıdır.
2006-cı ildə tikintisi başlanan bina 2014-cü ildə təhvil verilib.
Otel və ofis binası olaraq inşa edilən binada 1100 parkinq və 320 otaq var. Binanın tikintisinə çəkilən xərc isə nə az, nə çox, 4.2 milyard dollardır.
Şəhərə bambaşqa görüntü verən bina vasitəsilə Şanxayın hər tərəfini görə bilərsiniz.
1.“Burj Khalifa” – 828 metr
Dubayda yerləşən 828 metr hündürlüyü olan 161 mərtəbəli binada 828 mənzil yerləşir.
Maliyyə dəyəri 1.2 milyard dollar olan bina eyni zamanda inşasında olan özəlliklərlə dünyada bir çox ilkə sahibdir.
Dünyada ilk dəfə dəmir-beton kütləsinin üzərinə polad konstruksiyası əlavə edilən binada iksi sürətli, 28-i isə cütqatlı olan 95 lift yerləşir.
Ölkə iqtisadiyyatının benzin və neft gəlirinə bağlılığını azaldıb, iqtisadi gəlirlərin artımını daha çox turizmdə görmək məqsədilə inşa edilən bina uğurlu bir proyekt sayılır.
Pərviz Hüseyn
www.oxu.az