Orqanizmin vəziyyəti insanın qəbul etdiyi qidadan birbaşa asılıdır. Məlum olub ki, qidalanma rejimi də sağlamlığa təsir göstərir. Səhər və şam yeməyinin gecikdirilməsi ürək-damar xəstəliklərinin inkişafı riskini artıra bilər. Xüsusilə yaşlı insanlar bu baxımdan risk qrupuna daxildirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "Nutrients" jurnalında dərc olunan məqalədə qeyd olunur.
Aparılan təhlillərə əsasən, səhər yeməyini gec yeyən insanlarda ürək-damar xəstəliklərinin inkişaf riski saat 06:00-a qədər səhər yeməyi yeyənlərlə müqayisədə 75% daha yüksək olub. Şam yeməyinin vaxtı ilə bağlı da oxşar nəticə əldə edilib. Saat 18:00-dan sonra şam edən şəxslərdə ürək-damar xəstəliklərinin inkişaf riski daha yüksək olub.
Tədqiqat göstərib ki, qidalanmağa gec başlayıb gec bitirən iştirakçılarda xəstələnmə riski daha yüksəkdir. Normal qidalanma rejiminə əməl edən insanlarla müqayisədə bu ehtimal 56% çox olub.
Alimlərin fikrincə, xüsusilə yaşlı insanlar səhər və şam yeməyinin vaxtına diqqət yetirməlidirlər.