Azərbaycanın zəngin xalq tətbiqi sənəti xəzinəsində quramanın xüsusi yeri var. Müxtəlif parça hissələrinin incə şəkildə və zövqlə bir-birinə tikilərək vahid kompozisiya yaradılması ilə ərsəyə gələn bu əl işləri təkcə bəzək əşyası deyil, həm də səbir və əl əməyinin təzahürüdür.
Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, bu qədim sənəti yaşadan və gələcək nəsillərə ötürən sənətkarlardan biri tanınmış usta Səbirə Qarayevadır. Onun emalatxanasına daxil olduqda insanı əl işlərinin parlaq rəngləri və mürəkkəb naxışları qarşılayır.
Divarlardan asılan təmtəraqlı pannolar, milli üslubda hazırlanmış yastıqlar, dairəvi altlıqlar və xalça motivli örtüklər ustanın zəngin təxəyyülündən xəbər verir. Qurama sənəti böyük diqqət və riyazi dəqiqlik tələb edir. İş prosesi fərqli rəngdə və teksturada olan ipək, məxmər, saten kimi parça hissələrinin nizamla çeşidlənməsi ilə başlayır.
Rəng uyğunluğu yaradılacaq əsərin ruhunu təyin edir. Qayçı, xətkeş və xüsusi ölçü vasitələri ilə kəsilən kiçik ölçülü parçalar mərkəzdən xaricə doğru yayılan naxışlar şəklində düzülür. Hər bir kiçik üçbucaq və ya kvadrat detal tikiş maşını və ya əl iynəsi vasitəsilə mərkəzdən başlayaraq kənarlara doğru səliqəylə birləşdirilir, kənarları düzəldilərək tamamlanır.
Səbirə Qarayeva öz işlərində həm ənənəvi Azərbaycan naxış elementlərini qoruyub saxlayır, həm də onlara müasir estetik dəyər qatır. Onun əlindən çıxan hər bir qurama nümunəsi əsl incəsənət əsəri olmaqla yanaşı, unudulmaqda olan bir xalq sənətinin canlı şahididir.
Qurama ustası Səbirə Qarayevanın emalatxanasından fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az