Sosis, bekon, kolbasa və bəzi ət yarımfabrikatlarının müntəzəm istehlakı kolorektal xərçəng riskini artıra bilər.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya Səhiyyə Nazirliyinin Milli Kliniki Endokrinologiya İnstitutunun həkim-endokrinoloqu Yekaterina Yerşova danışıb.
"Bir porsiya fastfud xərçəng yaratmır. Lakin belə qidaların ayrı-ayrı komponentləri müntəzəm qəbul edildikdə risk arta bilər. Ən inandırıcı sübutlar emal olunmuş ətlə - sosis, bekon, kolbasa və bəzi ət yarımfabrikatları ilə bağlı əldə olunub", - deyə o bildirib.
Yerşovanın sözlərinə görə, 2015-ci ildə Xərçəngin Araşdırılması üzrə Beynəlxalq Agentliyin beynəlxalq ekspertlər qrupu emal olunmuş ətin kolorektal xərçəngin inkişaf riskini artırdığı qənaətinə gəlib. Təqdim olunan məlumatlara əsasən, gündəlik 50 qram emal olunmuş ət istehlakı bu xəstəliyin nisbi riskinin təxminən 18 faiz artması ilə əlaqələndirilir.
Bununla yanaşı, 2024-cü ildə aparılmış sistematik icmal və meta-təhlil də ultraemal olunmuş qidaların yüksək miqdarda qəbulu ilə yoğun bağırsaq xərçəngi riskinin cüzi artması arasında əlaqə olduğunu göstərib.
Lakin endokrinoloq vurğulayıb ki, bu cür müşahidə xarakterli tədqiqatlar xəstəliyin yaranmasının yeganə səbəbinin qidanın emal dərəcəsi olduğunu qəti şəkildə söyləməyə əsas vermir.