Amerikalı boksçu Mayk Tayson Şekspirin eyniadlı pyesinin ekranlaşdırılmasında “Otello”nu oynamaq niyyətini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, Las-Veqasda hər il keçirilən musiqili mükafatın təqdim olunma mərasimində deyib.
İdmançının sözlərinə görə, o hələ teatrda işləməyə hazır deyil, amma öz qüvvəsini televiziyada sınamaq istərdi, The Mirror qəzeti bildirib.
“Bilmirəm Şekspirdə məhz hansı rolu oynamaq istərdim, amma “Otello” - bu, çağırışdır. Rol mürəkkəbdir və mən çox şey öyrənməliyəm. Hər şeydən öncə nitqimin üzərində çalışmalıyam”, nəşr Taysonun sözlərindən sitat gətirib.
Mayk Tayson 55-dən çox filmdə, teleşou və serialda çəkilib. Bütün əsərlərdə o özünü oynayıb.
Kino və televiziyada ən məşhur işləri – “Sizin ananızla necə tanış olmuşam”, “Veqasda yığıncaq” və “Rokki Balboa” filmləridir. Onun iştirakı ilə daha iki film bu yaxınlarda işıq üzü görəcək.
Bundan başqa, 2013-cü ildə idmançı “Undisputed Truth” memuarlar kitabını dərc edib. Burada boksçu əsasən, ilk dəfə olaraq 11 yaşında kokainin dadına baxdığından, boksçu karyerası zamanı isə müntəzəm olaraq narkotik qəbul etdiyindən danışıb.
Tayson peşəkar rinqdə 58 döyüş keçirib, 50 qələbə (44 nokaut) qazanıb və 6 dəfə məğlubiyyətə uğrayıb. Onun iştirakı ilə iki döyüş ləğv edilib. 1987-ci ildə Tayson, boks tarixində ağır çəki üzrə ən gənc mütləq çempion olub.