Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mistika, yoxsa lənət? İtkin düşən “Titan”dakı pilotla batan “Titanik”in sərnişini qohum imişlər - FOTO/VİDEO
“OceanGate” şirkətinin sahibi və itkin düşən “Titan” batiskafını idarə edən Stokton Raş ilə “Titanik”də həlak olan iki sərnişin arasında qohumluq əlaqələri üzə çıxıb. Belə ki, Stoktonun arvadı Vendi Raş 1912-ci il faciəsində həlak olan İsidor Ştraus və onun həyat yoldaşı İdanın nəticəsidir.
Məlumata görə, “Macy's” univermağının sahibi olan pərakəndə ticarət maqnatı Ştraus və xanımı İda “Titanik”in ən varlı sərnişinlərindən hesab olunublar. Lakin buna baxmayaraq, fəlakət zamanı fədakarlıq ediblər. Onlara qayıqda yer ayrılsa da, İsidor bu həyatda kifayət qədər yaşadığını və gözəl həyat sürdüyünü deyərək yerinin digər qadın və uşaqlara verilməsini istəyib. Bunu görən 40 illik həyat yoldaşı İda da xilas olmaqdan imtina edib, “Mən ərimi tərk etməyəcəyəm. Biz həmişə bir yerdə olmuşuq, birlikdə öləcəyik”, - deyib. O, xəz paltosunu qulluqçusu Ellenə verərək, onu dənizçilərin yanına oturdub və həyatının xilas olmasına səbəb olub.
Hadisədən sonra İsidorun cəsədi faciə yerindən ən yaxın yaşayış məntəqəsi olan Kanadanın Halifaks şəhəri yaxınlığında tapılaraq Nyu-Yorka aparılıb. İdanın cəsədi isə tapılmayıb.
Ceyms Kemeron özünün “Titanik” filmində Ştrausun xatirəsini ehtiramla yad edib – rejissor onları su ilə dolu kabinədə bir-birini qucaqlayan yaşlı cütlük şəklində göstərib.
ABŞ-də Ştraus cütlüyünün xatirəsinə bir neçə abidə ucaldılıb.
Vendi Raş - Ştrausun qızı Minninin nəvəsidir. O, Stokton Raş ilə 1986-cı ildə evlənib. Amerikalı jurnalistlərin sözlərinə görə, Vendi Raş mətbuatla əlaqə saxlamır. Bütün baş verənlər nəzərə alınsa, bunu başa düşmək olar – “Titanik” onun ailəsinin tarixində çox ağır izlər qoyub.
Xatırladaq ki, turistləri “Titanik” sərnişin laynerinin batdığı yerə aparmaq üçün istifadə edilən “Titan” sualtı eniş aparatı iyunun 18-də, dalma başlayandan təxminən 1 saat 45 dəqiqə sonra Atlantik okeanında itib. İyunun 20-də “OceanGate Expeditions” şirkəti batiskafın yoxa çıxdığını təsdiqləyib. Sualtı aparatda şirkətin qurucusu Stokton Raş, fransız dərin dəniz veteranı Pol-Anri Narjeole, biznes aviasiyası ilə məşğul olan britaniyalı milyarder Hemiş Hardinq, pakistanlı biznesmen Şahzadə Davud və oğlu Süleyman var.
Qeyd edək ki, “Titan”da dörd günlük (96 saat) oksigen olub. Keçmiş xilasedici gəmi kapitanı Şon Tortora jurnalistlərə verdiyi müsahibədə eniş aparatındakı oksigenin 22 iyun, cümə axşamı bitməli olduğu barədə xəbərdarlıq edib.
Mənbə: New York Times