Bir çox insan mühüm sənədlərin, o cümlədən pasport səhifələrinin şəkillərini smartfonun yaddaşında saxlamağa öyrəşib: ilk baxışdan bu, rahat və praktik görünür. Lakin belə bir vərdiş sonradan ciddi problemlərə səbəb ola bilər.
Oxu.Az bu barədə gazeta.ru-ya rusiyalı vəkil Anton Klyuçko məlumat verib.
Onun sözlərinə görə, cinayətkarlar bu fotolardan dələduzluq sxemlərində, məsələn, sənədin sahibinin xəbəri olmadan mikrokreditlər rəsmiləşdirmək üçün istifadə edə bilərlər.
"Əgər əvvəllər pasport səhifələrinin şəkilləri potensial dələduzlar üçün xüsusi maraq kəsb etmirdisə (şəxsiyyətin yoxlanılması səviyyəsi çox aşağı olan az sayda mikromaliyyə təşkilatları istisna olmaqla), hazırda neyroşəbəkələrin inkişafı və onların əlçatanlığı nəzərə alınmaqla, hər hansı bir pasport və onun "sahibi" ilə istənilən fotoşəkli (hətta video) yaratmaq heç bir çətinlik törətmir", - deyə o izah edib.
Vəkilin bildirdiyinə görə, bu gün bəzi mikromaliyyə təşkilatları şəxsiyyətin sadələşdirilmiş identifikasiyası ilə onlayn sürətli kreditlər təklif edirlər. Müəyyən kiçik məbləğləri əldə etmək üçün bəzən yalnız pasport məlumatlarını daxil etmək və sənədin fotoşəklini və ya skanını əlavə etmək kifayətdir.
"Təhlükə məhz buradadır, - deyə ekspert aydınlaşdırır, - əgər pasport şəkilləri telefonda saxlanılırsa və messencer hesabının sındırılması, cihazın özünün oğurlanması və ya bulud yaddaşından sızma yolu ilə dələduzların əlinə keçirsə, onlar bu sənədlərdən eyni vaxtda bir neçə təşkilata müraciət etmək üçün istifadə edə bilərlər. Yeni texnologiyalar isə problemi daha da gərginləşdirir, çünki qeyd etdiyim kimi, neyroşəbəkə sizin pasportla birlikdə şəklinizi də yarada bilər - bu da məhz şəxsiyyəti təsdiqləyərkən kredit təşkilatlarının tələb etdiyi bir şeydir", - deyə vəkil bildirib.
Vəkil əlavə edib ki, süni intellektin inkişafı ilə sənədi fırıldaqçıların əlinə düşən şəxsin adına onun götürmədiyi kreditlər rəsmiləşdirilir.
"Borclar yaranır, faizlər və cərimələr hesablanır, kredit tarixçəsi korlanır. İnsan problemdən dərhal xəbər tutmaya bilər, məsələn, yalnız kollektorlar tərəfindən təzyiqlər başladıqda və ya gecikmə barədə bildiriş gəldikdə vəziyyət üzə çıxır. Əgər cinayətkarlar sizin adınıza kredit rəsmiləşdirə biliblərsə, dələduzluq faktı ilə bağlı polisə ərizə yazmaq, daha sonra kredit müqaviləsinin etibarsız sayılması üçün kredit təşkilatına iddia ilə müraciət etmək lazımdır. Tələblərinizin könüllü olaraq təmin edilməsindən imtina olunduqda isə məhkəməyə müraciət etməlisiniz".