Əvvəllər gözəllik anlayışı yalnız qadınlara məxsus ifadə kimi düşünülürdü. Kişilərdən söhbət gedəndəsə yaraşıqlı kəlməsindən istifadə olunurdu. Amma bu artıq keçmişdə qaldı. İndi vəziyyət bambaşqadır. Artıq qadınlar baxımlı kişiləri bəyənməyə, kişilər isə görkəmlərinə getdikcə daha çox “hamar-tumar” verməyə başlayıblar. Manikür, pedikür, üz dərisinə qulluq edənlər bir yana , hətta estetik cərrahiyyənin bütün növlərindən yararlananlar belə az deyil. Əziz bəylər, bunu heç bir vəclə inkar etməyə çalışmayın! Statistik məlumatlara görə Almaniyada gözəlləşmək uğrunda bıçaq altına yatan hər beş nəfərdən, Amerikada hər iki nəfərdən biri kişidir. Azərbaycanda isə... Bu haqda dəqiq statistik məlumatlarımız olmasa da estetik klinikların xidmətlərindən yararlanan kişilərimizi gündəlik həyatımızda, habelə televiziya ekranlarında az müşahidə etmirik. Artıq kosmetik firmalar da bəylərin baxımlı və gözəl olmaq istəklərinin fərqinə vararaq, onlara uyğun məhsulların geniş çeşiddə istehsalına başlayıblar.

Bu günkişilər üçün üz dərisini nəmləndirən, qırışları aradan götürən, təraşdan sonra əmələ gələn qızartını minimuma endirən bir çox kosmetik vasitələr mövcuddur. Kişilərin dərisi qadınlarla müqayisədə xarici təsirlərə qarşı dözümlü görünsə də, gündəlik təraş onların üz dərisində müəyyən problemlər yaradır.
Bəylərimizə təraşdan sonra dərilərinin həssaslığının artması və qurumasının qarşısını almaq üçün müxtəlif maskalardan istifadə etmələri məsləhət görülür. Həmin maskalardan ən effektivi gil tərkibli olanlarıdır. Onların hər dəri tipinə uyğun çeşidləri mövcuddur. Tərkibində gil olan üz maskaları, təbii gil və vitaminlərlə zəngin olduğu üçün uzun illər ərzində dərinin gənc görünməsini təmin edir. Üzə çəkildikdən 10 dəqiqə sonra artıq öz təsirini göstərərək təraş sonrası əmələ gələn qururluq və çatları aradan qaldırır. Elə ilk istifadədən sonra üzünüzdəki qara nöqtələr, sızanaqlar, ölü hüceyrələr və ləkələrdən canınızı qurtarmaq üçün onların ən yaxşı təbii vasitə olduğunun şahidi olacaqsınız. Tərkibində dəmir, maqnezium, kalsium, fosfor və A, B, C vitaminləri olan bu maskalr üzü təmizləyərək ehtiyacı olan nəmliyi qısa vaxt ərzində geri qaytarır. Beləcə, dərinin gənc qalmasına kömək edir.

Əgər dəriniz həssasdırsa, tərkibində aloe vera , provitamin B5 və alantoin kimi təbii aktiv maddələr olan kosmetik vasitələrdən istifadə edin. Bunlar eyni zamanda dəriyə yumuşaqlıq və elastiklik verərək, ölmüş hüceyrələri yeniləməklə, təbii tarazlığı qoruyur.
Dəriniz qurudursa, limon, qreyfurt tərkibli maskalardan istifadə etməyiniz tövsiyə olunur. Xüsusilə, son illərdə çirkli havaya, sərt küləyə və siqaret tüstüsünə məruz qalan dəriyə bu maska çox xeyirlidir. Maskanı dəriyə həftədə bir dəfə, ən gec isə 15 gündən bir çəkmək lazımdır.
Üzdə sızanaqlar və qızartılar varsa, bir ovuc çiyələyi püre halında əzib, üzünüzə çəkin. Quru dərili bəylər bu tərkibə süd də əlavə edə bilərlər.
Əgər dəriniz yağlıdırsa, limon suyunu üzünüzə sürtün və 15 dəqiqə gözləyin.

Unutmayın ki, sağlam qidanın da üz dərinizə təsiri böyükdür. Stressdən sonra dərinizin qurumasının və qırışmasının qarşısını almaq üçün qida rasionunuzda göyərti tərkibli salatların geniş yer alması məsləhətdir. Xüsusilə də kahının. Ondan həm qidada, həm də maska şəklində istifadə etməklə bir çox problemlərinizi aradan götürmüş olarsınız. Kahını 2 dəqiqə qaynar suda saxladıqdan sonra üzünüzə qoyun və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.
Daha bir maska kivi ilə olandır. Kivini püre halına gətirib, suyunu süzün, qalan quru kütləni üzünüzə çəkib, 20 dəqiqə saxlayın. Daha sonra dərinizi ilıq suya batırılmış pambıqla təmizləyin.

Təraşdan sonra əmələ gələn qızartı və səpgiləri aradan götürmək üçün növbəti 2 maskanı təqdim edirik.
Birinci maska :
100 qram spirt
6 ədəd asprin
Hazırlanma qaydası:
Asprini əzin və spirtin içinə tökün. Qarışığı çalxalayıb, hazırlanmış vasitəni soyuducuda 3 gün saxlayın. Sonra sızanaqların üzərinə çəkin.
İkinci maska :
4 ədəd asprin
1 çay qaşığı bal
Hazırlanma qaydası:
4 ədəd asprini nəlbəkiyə qoyun. Barmaqlarınızı su ilə isladıb asprinləri əzin və üzərinə 1 çay qaşığı bal töküb, yaxşıca qarışdırın. Bu qarışığı üzünüzə sürtüb, 10 dəqiqə saxlayın. Sonra üzünüzü bir qədər masaj edin. Sonda ilıq su ilə yuyun. Bu maskanı 1 həftə istifadə etmək məsləhət görülür.
Aytən Sadıqzadə