Bakıda bu zibil “qutuları”nı görənləri gülmək tutur.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Metronun “Həzi Aslanov” stansiyasının qarşısında dəmir qurğu var.
Əslində zibil tökmək üçün nəzərdə tutulmayıb, ancaq insanlar həmin dəmir qurğudan dəbdəbəli zibil qutusu kimi istifadə edirlər.
Təxminən iki-üç metr hündürlüyü olan boru kənardan qoruyucu ilə əhatələnib. İnsanlar isə həmin boru ilə qoruyucu dəmir arasından “səmərəli” istifadə ediblər. Həmin boru yarısına kimi zibillə doldurulub.
Bakının gediş-gəlişli yerində belə bir biabırçılığın olması sual doğurur. Doğrudan da, rayon rəhbərliyi bu çirkabı görmür?
Xətai Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Sahib Babayev bildirdi ki, həmin əraziyə baş çəkib məsələ ilə maraqlanacaq. Əgər İcra Hakimiyyətinin səlahiyyətinə aid olarsa, dərhal aradan qaldırılacaq.