Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Tehranda Ukrayna təyyarəsinə dəyən raketi görən pilotun dispetçerlə danışıqları yayımlanıb - VİDEO
İranın “Aseman Airlines” aviaşirkətinə məxsus təyyarənin pilotu Ukraynanın “Boeing-737” təyyarəsinə dəyən raketi görüb və bu barədə dispetçerə xəbər verib.
Səs yazısını TSN telekanalı yayımlayıb.
Söhbət yanvarın 8-də İran tərəfindən vurulan təyyarədən gedir. Faciə vaxtı başqa bir İran təyyarəsi enişə hazırlaşırdı.
“Marşrut üzrə raketdə olduğu kimi işartı var. Orda nə baş verə bilər?” - deyə qəzanı gözləri ilə görən pilot səs yazısında soruşur. Dispetçer cavab olaraq işartının harda baş verdiyini və raketin Tehran istiqamətinə uçub-uçmadığını soruşur. Pilot öz növbəsində iddia edir ki, raket şəhər istiqamətindən uçub. Dispetçer buna cavab olaraq bildirib ki, yerdə də işartının mənbəyinin hara olduğunu anlamırlar və təyyarə üçün problemin olmayacağına ümidini ifadə edib.
Bundan əvvəl bildirilmişdi ki, İran partlayan təyyarənin qara qutularını özündə saxlamağa qərar verib.
Yanvarın 8-də MAU aviaşirkətinin “Boeing 737-800” təyyarəsi Tehran yaxınlığında vurulmuşdu. Qəza vaxtı göyərtədə 176 nəfər olub. Yanvarın 11-də İran təyyarəni səhvən vurduğunu açıqladı.