Ukraynada keçirilən prezident seçkilərindən sonra ukraynalı iş adamı Petro Alekseyeviç Poroşenko seçicilərin böyük əksəriyyətinin səsini toplayaraq Ukrayna prezidenti seçildi.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Petro Poroşenko gələcək həyat yoldaşı Marina ilə tələbəlik illərində diskotekada tanış olub. İxtisasca həkim-kardioloq olan Ukraynanın birinci ledisinin 52 yaşı var.
Tibb elmləri namizədi olan Marina Poroşenko müstəqil Ukraynada ilk dissertasiya müəllifidir. Ziyalı ailəsindən çıxan Marinanın atası SSRİ vaxtında Ukraynanın səhiyyə nazirinin müavini işləyib. Marinanın anası da səhiyyə sahəsində çalışıb. Petro və Marina Poroşenko cütlüyünün dörd övladı var. Böyük oğlu Alekseyin 29 yaşı, əkiz qızları Yevgeniya ilə Aleksandra 14 yaşındadır. Ailənin kiçiyi Mixailin 13 yaşı var. Aleksey Poroşenko Ukraynanın Vinnitsk Vilayət Şurasının deputatıdır.
O, “McKinsey & Company” şirkətinin əməkdaşı 28 yaşlı Yuliya Əlixanovla ailə həyatı qurub. Yeni birinci ledi təntənəli mərasimləri sevmir. Səyahət vurğunu olan Marina Poroşenko həmçinin yemək hazırlamaq, mütaliə etməyi, toxumağı çox sevir.