Yayılmış irihüceyrəli ağciyər xərçəngindən əziyyət çəkən xəstələr müalicəyə başlamazdan əvvəl şişdəki geniş spektrli genetik dəyişiklikləri aşkar etməyə imkan verən kompleks genom testindən keçdikdə daha uzun yaşayırlar.
Oxu.Az xəbər verir ki, bu qənaətə "Journal of the National Comprehensive Cancer Network" jurnalında dərc olunan tədqiqatın müəllifləri gəliblər.
ABŞ-də aparılan araşdırma çərçivəsində 35 mindən çox xəstənin tibbi məlumatları təhlil edilib.
Alimlər 2016-2022-ci illərdə ABŞ-nin dövlət və özəl onkoloji mərkəzlərində müalicə alan xəstələrin məlumatlarını araşdırıblar.
Nəticələrə əsasən, ilkin müalicəyə başlamazdan əvvəl kompleks genom testindən keçən xəstələrin sağqalma müddəti orta hesabla iki ay daha uzun olub. Onlarda həmçinin xəstəlik irəliləmədən sağqalma göstəricilərində cüzi yaxşılaşma qeydə alınıb.
Tədqiqatçılar bunun mümkün səbəblərindən biri kimi hədəfli terapiyanın, yəni şiş hüceyrələrindəki müəyyən molekulyar hədəflərə yönəlmiş müalicə üsulunun daha geniş tətbiqini göstəriblər.
"Bizim nəticələrimiz və əvvəlki tədqiqatlar göstərir ki, kompleks genom testi yayılmış ağciyər xərçəngi olan xəstələr üçün standart olmalı və ideal halda ilkin müalicəyə başlamazdan əvvəl aparılmalıdır", - deyə tədqiqatın həmmüəllifi Ravi B. Parix bildirib.
Müalicə üsulunu seçərkən həkimlər EGFR, ALK, ROS1, KRAS G12C, MET, RET və BRAF kimi biomarkerləri nəzərə ala bilərlər.
Müvafiq genetik dəyişikliklərin aşkarlanması xəstənin şişin böyümə mexanizmlərinə təsir göstərən konkret hədəfli preparatlardan fayda əldə edib-etməyəcəyini müəyyənləşdirməyə kömək edir. Bu preparatlar bəzi hallarda digər müalicə üsulları ilə müqayisədə xəstələr tərəfindən daha yaxşı qəbul edilir.