İnsanın yaşı artdıqca sinir liflərinin qoruyucu qatını formalaşdıran hüceyrələr yaddaşın və digər idrak bacarıqlarının zəifləməsi ilə nəticələnən beyin dəyişikliklərinə səbəb ola bilər. Edinburq Universiteti və Britaniya Demensiya Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri bu qənaətə gəliblər.
Oxu.Az xəbər verir ki, araşdırmanın nəticələri "Nature Medicine" jurnalında dərc edilib.
Tədqiqatçılar onilliklər boyu idrak qabiliyyətləri izlənilən 1936-cı il təvəllüdlü "Lotian koqortası" iştirakçılarının məlumatlarını analiz ediblər. 70-82 yaş aralığında olan könüllülər yaddaş, məlumatı emal etmə sürəti və fəza vərdişləri üzrə testlərdən keçiblər. Daha sonra alimlər sınaqların nəticələrini ölümdən sonra götürülmüş toxuma nümunələrində aşkarlanan beyin xüsusiyyətləri ilə müqayisə ediblər.
Koqnitiv göstəriciləri daha sürətlə zəifləyən insanlarda iri sinir liflərinin sayının az olduğu və mielinin (sinir siqnallarının beyində sürətlə ötürülməsinə kömək edən qoruyucu qişa) bütövlüyünün pozulması əlamətləri aşkar edilib. Qorunub saxlanılan iri liflərin ətrafındakı mielin dəyişiklikləri isə xüsusilə nəzərəçarpan olub.
Mütəxəssislər bu prosesləri mielin istehsal edən beyin hüceyrələrinin - oliqodendrositlərin fəaliyyəti ilə əlaqələndiriblər. İdrak funksiyaları daha sürətlə zəifləyən şəxslərdə hüceyrələri zədələnmədən qoruyan NRF2 zülalının həmin hüceyrələrdə daha az olduğu müşahidə edilib.
Siçanlar üzərində aparılan təcrübələr də bu ehtimalı təsdiqləyib. Alimlər məhz oliqodendrositlərdə NRF2 aktivliyini azaltdıqda heyvanlarda mielin və sinir liflərinin strukturunda dəyişikliklər baş verib, həmçinin idrak qabiliyyətlərinin yaşla bağlı inkişafı pozulub.
"Oliqodendrositlər sinir sisteminin işini dəstəkləməklə yanaşı, yaşlanma zamanı beyin üçün zərərli bir vəziyyətə də keçə bilərlər. Əldə edilən tapıntılar qocalma dövründə beyni qorumaq üçün yeni üsulların axtarışına kömək edəcək. Bu baxımdan NRF2 xüsusi maraq doğurur: bəzi dərmanlar, o cümlədən dağınıq sklerozun müalicəsində istifadə olunan preparatlar artıq bu mexanizmə təsir göstərir", - deyə alimlər vurğulayıblar.