ABŞ alimləri müəyyən ediblər ki, insan beyni eyni anda iki mürəkkəb tapşırığa diqqət yetirmək, yəni əsl çoxistiqamətli fəaliyyət (multitaskinq) göstərmək xüsusiyyətinə malikdir.
Oxu.Az xəbər verir ki, bu barədə "knife.media" məlumat yayıb.
Əvvəllər alimlər daha çox qısamüddətli perspektivdə məlumatların necə mənimsənildiyini araşdırırdılar. Yeni tədqiqatın müəllifləri isə diqqəti dəyişərək insan beynində baş verən uzunmüddətli dəyişiklikləri izləmək qərarına gəliblər.
Tədqiqatçılar uzunmüddətli eksperiment həyata keçiriblər. Beş-on həftə ərzində onlar könüllülərə müxtəlif avtomobil modellərini tanımağı öyrədiblər. Tədqiqat müddətində iştirakçılar 30 mindən çox standart tapşırıq icra ediblər. Mütəxəssislər sınaqdan əvvəl və sonra fMRT və EEQ vasitəsilə iştirakçıların beynini skan ediblər.
Məlum olub ki, araşdırmanın əvvəlində iştirakçıların beynində mürəkkəb vəziyyətlərdə diqqət və qərar qəbul etməyə cavabdeh olan prefrontal qabıq aktivləşib. Ancaq bir neçə həftədən sonra mərkəzi sinir sisteminin əsas orqanı fərqli şəkildə fəaliyyət göstərməyə başlayıb. Belə ki, tapşırığa köklənmə zamanı artıq prefrontal qabıq deyil, obyektləri, simaları və digər detalları uzunmüddətli yaddaşdan tanımağa kömək edən gicgah qabığı işə düşüb.
"Biz sübut etdik ki, neyron əlaqələri beynin iki tapşırığı eyni vaxtda yerinə yetirə biləcəyi şəkildə dəyişir. Əsl çoxistiqamətlilik (multitaskinq) elə budur", - deyə tədqiqatın aparıcı müəllifi bildirib.