Xroniki yuxu çatışmazlığının kiçik bir səviyyəsi belə cəmi ay yarım müddətində bədən çəkisinin yarım kiloqram artmasına gətirib çıxara bilər. Kolumbiya Universitetinin (ABŞ) alimləri apardıqları araşdırmalar nəticəsində bu qənaətə gəliblər.
Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "Annals of Internal Medicine" elmi jurnalında dərc edilib.
Araşdırmada adətən gündə yeddi-səkkiz saat yatan 95 sağlam yetkin şəxs iştirak edib. Altı həftə ərzində könüllülər normaldan təxminən 80-90 dəqiqə gec yatıb, daha sonra isə növbəti altı həftə ərzində standart yuxu rejiminə qayıdıblar. Eksperiment müddətində mütəxəssislər iştirakçıların yuxu müddətini, fiziki aktivliyini, bədən kütləsini, bel çevrəsini və maddələr mübadiləsinin bir sıra göstəricilərini diqqətdə saxlayıblar.
Məlum olub ki, yuxu müddətinin qısaldıldığı cəmi altı həftə ərzində iştirakçılar orta hesabla 0.5 kiloqram çəki alıblar. Bununla yanaşı, onların aktivlik səviyyəsi də aşağı düşüb: oturaq və ya hərəkətsiz vəziyyətdə keçirilən vaxt gündəlik olaraq təxminən 17 dəqiqə artıb.
Tədqiqatın rəhbərinin sözlərinə görə, yarım kiloqramlıq artım ilk baxışdan kiçik görünə bilər. Lakin bu, həyat tərzində heç bir əlavə dəyişiklik olmadan qısa müddətdə baş verib. Əgər yuxu azlığı aylarla və ya illərlə davam edərsə, toplanan çəki klinik cəhətdən ciddi fəsadlara yol aça bilər.
Müəlliflər vurğulayırlar ki, əvvəlki tədqiqatların böyük əksəriyyəti gündə cəmi dördsaatlıq yuxunu nəzərdə tutan ekstremal yuxusuzluğun fəsadlarına həsr olunmuşdu. Yeni araşdırmada isə reallığa daha yaxın şərait yaradılıb. Belə ki, müasir dövrdə bir çox yetkin insanlar müntəzəm olaraq cəmi beş-altı saat yatırlar.
Alimlər, həmçinin xatırladırlar ki, daha əvvəl eyni könüllülər qrupu üzərində aparılan sınaqlarda xroniki yuxusuzluğun insulinə həssaslığı azaltdığı və ürək-damar xəstəliklərinin inkişafı ilə əlaqəli iltihab proseslərini gücləndirdiyi sübuta yetirilmişdi.
Tədqiqatçıların fikrincə, sağlam qidalanma və fiziki fəallıqla yanaşı, keyfiyyətli yuxu da piylənmənin qarşısının alınmasında mühüm amil kimi qəbul edilməlidir.