Almaniya mətbuatı bu ölkədə yaşayan azərbaycanlı mühacirin ailəsində anadan olmuş 12 yaşlı qızın fitri istedadı barədə yazır.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, “Hamburger Abendblatt” qəzeti Günel Rəsulova barəsində geniş məqalə dərc edib.
Məqalədə deyilir:
“O, elə ifa edir ki, sanki həmişə bunu edir. Adama elə gəlir ki, Günel Rəsulova öz skripkası ilə baş-başadır. Onun üz ifadəsi skripkaya cəmlənib, ancaq sifətində yüngül təbəssüm qalır. O, ustalıqla, tam hissiyyatı ilə ifa edir, əsl peşəkarlar kimi. Baxmayaraq ki, Günel Rəsulovanın cəmi 12 yaşı var və o, cəmi üç ildir ki, Vinsen musiqi məktəbinin skripka sinfində oxuyur”.
Günel deyir ki, o, 6 yaşından skripkada ifa etməyə başlayıb, ancaq kursa getmək imkanı olmayıb. Qızcığaz ancaq iki il yarımdan sonra skripka kursuna gedə bilib.
G.Rəsulovanın entuziazmı və talantı artıq mükafatlandırılıb. Mayın 5-də o, “Rotari Club Vinsen” tərəfindən öz ifasına görə 3 min avro mükafat alıb. Məktəbin direktoru Kristian Meyer deyib ki, klub xüsusi istedada malik şagirdləri mükafatlandırır.
Mükafatlandırma mərasimində Günel məşhur bəstəkar Anatoli Komarovskinin skripka üçün 1 nömrəli konsertinin birinci hissəsini ifa edib. Tamaşaçılar yeniyetmə qızın ifasına heyran qalıblar.
Günelin valideynləri onun baş məşqinə buraxılmayıb.
“Bu, onlar üçün sürpriz oldu” - deyə Günel inamla bildirir.
Günelin böyük qardaşı Yusif də musiqi təhsili alır, o, pianoda ifa edir. Qəzet yazır ki, xoşbəxtlikdən onların valideynləri uşaqlarının musiqi istedadına çox açıqdırlar. Valideynlər 16 il əvvəl Azərbaycandan mühacirət ediblər.
Günel böyüyəndə peşəkar musiqiçi olacağını deyir. Bildirilir ki, hazırda Günelin ehtiyacı olan ən böyük şey yeni skripka almaqdır və bu işdə ona təhsil aldığı məktəb kömək edəcək.