Çoxdan gözlənilən “Malefisenta” 3D filmi artıq Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema”da.
Oxu.Az xəbər verir ki, kinoteatr may ayının 29-dan etibarən adıçəkilən filmin nümayişlərinə başlayır.
Film əsasən fantastika janrında çəkilsə də rejissor Robert Stromberq filmə savaş, triller, detektiv, drama və romantika kimi bir çox janrları qata bilib. Bütün bunlar isə filmin möhtəşəm süjeti ilə müşayiət olunur.
Gənc cadugər Malefisenta sehrli məxluqlar dolu ovsunlanmış meşədə tənha həyat sürür, lakin bir gün hər şey dəyişir. Onun həyatına özləri ilə dağıntı və xaos gətirən adamlar soxulurlar və Malefisenta öz təbəələrini qorumaq üçün qüdrətli qara qüvvələri çağırmalı olur. Qızğın mübarizədə Malefisenta şahın qızı gözəl Avroraya qorxulu cadu qoyur. Lakin balaca qızın böyüməsinin şahidi olduqca, Malefisenta öz hərəkətinin doğruluğuna şübhə edir – çünki, ola bilsin ki, məhz Avrora sehrli meşə krallığına yeni nəfəs verə bilər.
Film ABŞ istehsalıdır. Rollarda Şarlto Kopli, El Fanninq, Cuno Templ, Brenton Tueytes çəkilib. Baş rolu isə məşhur Hollivud aktrisası Ancelina Coli oynayıb.
Mövsümün ən çox gözlənilən komediyasını da “28 Cinema”da izləmək şansınız olacaq.
Belə ki, kinoteatr may ayının 29-da “Qonşular” filminin nümayişlərinə başlayır.
Məlum olduğu kimi kişilər iki tipə bölünür: subaylar və evlilər. Birincilər cavandırlar, əzələlidirlər və maqnit kimi, sarışınları və səs-küylü dostlarını özlərinə çəkə bilirlər. İkincilər isə evdə yaşayırlar, uşaq böyüdürlər və televizorda teleseriallara baxırlar. Bir gün sakit və nümunəvi həyat tərzi sürən ailənin qonşuluğuna musiqi və əyləncəni sevən tələbələrdən ibarət bir qrup gəlir. Məhz “müharibə” elə bu andan başlayır.
Film ABŞ istehsalıdır. Filmin rejissoru Nikolas Stollerdir, rollarda Set Rogen, Zak Efron, Deyv Franko, Rouz Birn və Ceyk Conson kimi məşhur aktyorlar çəkilib.