Mayın 27-də Bakı Rəsm Qalereyasında gənc rəssam Tünzalə Məmmədzadənin “Zamanın izləri” adlı fərdi yaradıcılıq sərgisi açılıb.
Oxu.Az AzərTac-a istinadla xəbər verir ki, sərgi 28 May - Respublika Gününə həsr edilib.
Sərginin açılış mərasimində qalereyanın direktoru Eldəniz Babayev, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kafedra müdiri Nazim Yunusov çıxış edərək bildiriblər ki, rəssamın yaradıcılığının əsasını ipək üzərində akril boya ilə hazırlanmış rəsmlər təşkil edir. Diqqətə çatdırılıb ki, rəssam əsərlərində tətbiqi və təsviri sənətin bədii-texniki xüsusiyyətlərini birləşdirərək, onların sintezini yaratmaqla, təsviri sənətdə oxşarı olmayan, yüksək bədii dəyərə malik orijinal əsərlər yaratmağa nail olub.
Vurğulanıb ki, tamamilə yeni üslubda, incə zövqlə işlənmiş əl işlərinə baxarkən rəssamın xarakteri haqqında təsəvvür yaranır.
Çıxış edənlər uğurlu sərgiyə görə rəssamı təbrik ediblər.
Tünzalə Məmmədzadə sərgiyə uzun müddətdir hazırlaşdığını vurğulayaraq onun təşkilində əməyi olanlara minnətdarlığını bildirib.
İki gün davam edəcək sərgidə rəssamın abstrakt və kalliqrafik üslubda hazırlanmış 30 əsəri nümayiş olunur.
Tünzalə Məmmədzadə 1983-cü ildə Şəkidə anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) memarlıq və dizayn fakültəsini bitirib. 2010-cu ildə Qərb Universitetinin dizayn fakültəsində magistr dərəcəsi alıb. Hazırda ADRA-da doktorantura üzrə təhsil alır. 2009-cu ildən Azərbaycan Rəssamlar İttifaqının Gənc Rəssamlar Birliyinin üzvüdür.