Bu gün şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndələrindən olan Abbas Səhhətin anadan olmasından 140 il ötür.
Oxu.Az-ın məlumatına görə, Mehdizadə Abbas Əliabbas oğlu (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlib. Məşhəd və Tehran şəhərlərində tibb təhsili alıb. 1901-ci ildə Şamaxıya dönən Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra “realnıy məktəbdə” Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü görür.
“Yeni üslublu məktəblər” ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat jurnalı, 1906-1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman, erməni şair və yazıçılarının əsərləri ilə tanış edir.
1912-ci ildə şairin öz şeirlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət “Qərb günəşi” adlı şeirlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli” adında romantik poeması nəşr olunur.
Abbas Səhhətin yaradıcılığına Şərqin Nizami, Hafiz, Sədi kimi şairlərinin böyük təsiri olub. O, türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanıb, xüsusilə Tofiq Fikrət yaradıcılığına xüsusi diqqət göstərib.
Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edib, İslam dəyərlərindən imtinaya qəti etiraz edərək, əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləyib.
1908-ci ildə baş vermiş İran inqilabına ən gözəl əsərlərini həsr edib. Şair həm də Mirzə Ələkbər Sabir ilə yaxın dost olub. Hər ikisinin Şamaxıda yaşamağı bu dostluğun güclənməsində böyük rol oynayıb. Onlar bəzən hər ikisi birlikdə Bakıya gəlib.
Abbas Səhhət 1918-ci ildə dünyasını dəyişib.