Oxu.Az 1937.az-a istinadla xalq artisti Alim Qasımovun müsahibəsini ixtisarla təqdim edir:
- Alim müəllim, siz oxuyanda bardaş qurub oxuyursunuz... Adətən, adamlar kefindən belə oturur. Sizdə necədir?
- Yox, bu kefdən deyil. Mənim qıçım həmişə üşüyür. Bilmirəm, hara qoyum. Hərdən də üşüməsin deyə, ovxalayıram. Yəni qıçımın narahatlığına görə belə otururam.
- Sizcə, Fərqanə xanım sizin yolunuzu davam etdirəcək gücə malikdir?
- Fərqanədə olan irfani hiss, duyum onun həm davranışında, həm də sənətində özünü biruzə verir. Biz bir-birimizi məşqsiz də başa düşür, duyuruq. Fərqanə muğamları beş barmağı kimi mənimsəyib. Məsələn, sonuncu solo konsertindən sonra gördüm ki, mən qızım kimi səbrli, zəhmetkeş deyiləm. Onun oxuduğu, hazırladığı mahnıları öyrənməyə, hazırlamağa mənim hövsələm çatmaz.
- Şou-biznes əhliylə aranız necədir?
- Vallah, cəmiyyət də onları yaxşı tanıyır. İndi toy biznesi çox inkişaf edib. Amma təəssüf ki, şou müğənniləri kütləni oynatmaq üçün oxuyur. Biz isə düşündürmək üçün oxuyuruq. Musiqi oynamaq üçün yox, düşünmək üçündür.
- Hər xalqın mənəvi dəyəri olan musiqilər var...
- Muğam da bizim mənəvi dəyərimizdir. Mən 20-30 ildir ifalarımı xaricilər üçün də oxuyuram. Onları ağlayan görmüşəm, tükləri biz-biz olan görmüşəm. Gəlib mənə öz hisslərini danışıblar. Soruşublar ki, bu haradır, bu necə ölkədir, necə musiqidir? Mənə elə gəlir ki, mədəniyyət sərhəd bilmir. Ona görə də, mədəniyyətimizi üstün tutub, həm ölkəmizi, həm də özümüzü tanıtmalıyıq. Məsələn, çox ölkə var ki, onların musiqisi çalınan kimi bilirsən ki, bu ispandır, və ya Hindistandır. Son vaxtlar Afrika musiqisi dəbə düşüb. Müəyyən qədər də işlər görmək lazımdır ki, bir mahnı səsi eşidəndə desinlər ki, bu Azərbaycanındır.
- İndi sizi ən çox narahat eləyən məsələ nədir?
- İstərdim ki, sakitcə, məsələn, telefonsuz-zadsız gedib bir guşədə oturum, fəaliyyətimi də dondurum. Amma o niyyətə də həyatın özü imkan vermir. Öhdəliklərim çoxdur deyə, bunu edə bilmirəm.