Almaniyanın Nürnberq şəhərindəki Müqəddəs Yakov kilsəsində təxminən 1 800 musiqiçi dünya rekordu müəyyən etmək məqsədilə 72 saat ərzində fasiləsiz ifa edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" qəzeti məlumat yayıb.
Üç gün davam edən konsert təşkil edən musiqiçilər avqustun 2-si səhərədək dünya rekordu müəyyən etməyi planlaşdırırdılar.
"Hər şey əla keçdi və saat 09:00-da (Bakı vaxtı ilə 11:00 - red.) sevincimizi bölüşdük", - deyə Bavariya Yevangelik Nəfəs Alətləri Orkestrləri Assosiasiyasının nümayəndəsi Tomas Engelbrext bildirib.
İyulun 30-u günün birinci yarısından etibarən trombonlarla yanaşı, truba, valtorna və digər mis nəfəs alətləri səslənib. Üç kollektiv hər 90 dəqiqədən bir bir-birini əvəz edib, sonra növbəti üç kollektiv çıxış edib. Nəşrin yazdığına görə, keçidlər demək olar ki, hiss olunmadan baş verməli idi. 140-dan çox nəfəs alətləri orkestrinin bunu əvvəlcədən məşq etmək imkanı olmayıb.
Dünya rekordu cəhdi avqustun 2-si səhər dini mərasimlə başa çatıb. Üç gün ərzində musiqi marafonu fotoşəkillər, videogörüntülər və iştirakçıların imzaları ilə sənədləşdirilib. Bu materiallar yoxlanılması üçün Almaniya Rekordlar İnstitutuna göndərilib. Qurumun məlumatına görə, nəticənin rəsmi təsdiqi bir-iki gün çəkəcək.