Aprel ayının 18-də Beynəlxalq Muğam Mərkəzində ictimai xadim və “Parni iz Baku” KVN (Şən və hazırcavablar klubu – red) komandasının əfsanəvi kapitanı, Milli Məclisin üç çağırışının deputatı, Day.az informasiya portalının və “Ultra production” prodüser mərkəzinin yaradıcısı cənab Anar Məmmədxanovun üç kitabının təqdimatına həsr olunmuş gecə keçirilib.
Oxu.Az xəbər verir ki, layihənin rəhbəri müəllifin həyat yoldaşı İradə Məmmədxanova, nəşrlərin baş redaktoru Dövlət mükafatı laureatı, əməkdar jurnalist, Milli Məclisin deputatı Elmira Axundova, hər üç kitabı tərtib edən isə müəllifin bacısı, professor Naidə Məmmədxanovadır.
İlk kitab olan “Бытъ самим собой” 2014-cü ilin iyul ayında nəşr edilib. Bu kitabda mərhum Məmmədxanovun müxtəlif zamanlarda bir-birindən fərqli aktual problemlərə toxunan analitik məqalələri, esseləri, şərhləri, eləcə də açıq məktubları yer alıb. İkinci kitab “Ни о чем не жалею” 2015-ci ildə nəşr edilib. Bu kitabda 1995-ci ildən 2011-ci ilə qədər Bakının müxtəlif mətbuat orqanlarından olan jurnalistlərin Anar Məmmədxanovla müsahibələri toplanıb. Üçüncü kitab “Özünə sadiqlik” müəllifin ilk “Бытъ самим собой” kitabının Azərbaycan dilinə tərcüməsidir.
Tədbirə dəvət olunan qonaqlar arasında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ölkənin siyasi, ictimai və incəsənət xadimləri, xarici qonaqlar, eləcə də müəllifin dostları olub.
Gecənin spikerləri sırasında təkcə Anar Məmmədxanovun kitablarının tərtibçiləri və redaktorları deyil, eləcə də müəllifin ən yaxın dostları və həmfikirləri çıxış ediblər.
Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı Elmira Axundova bildirib ki, Anar Məmmədxanov ulduz kimi anadan olmuşdur, onun böyük zirvələri asanlıqla fəth etmək bacarığı var idi.
““Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Azərbaycanda ilk siyasi essenin yaradıcısı olub. Anarın vətəni açıq gözlə sevmək bacarığı var idi, bu, böyük bir bacarıqdır. Biz Anar Məmmədxanovu tanısaq da, bu kitabı oxuyarkən digər Anarı tanıyacağıq. Anar Məmmədxanovun ölüm günündən nə qədər vaxt keçirsə, o qədər də Anar bizə yaxınlaşır” - deyə deputat bildirib.
Daha sonra Azərbaycanın xalq artisti, pianoçu Fərhad Bədəlbəyli qeyd edib:
“Anar Məmmədxanovun ürəyi dəniz kimi böyük idi”.
Pianoçu onun üçün “More” (Dəniz) mahnısını ifa edib.
Xalq artisti, pianoçu Fərhad Bədəlbəylinin ifasından sonra Anar Məmmədxanovla bağlı videosüjet təqdim olunub – jurnalist Mehriban Ələkbərzadənin Məmmədxanovdan götürdüyü müsahibə.
Day.az informasiya portalının və “Ultra production” prodüser mərkəzinin yaradıcısı cənab Anar Məmmədxanovun bacısı Naidə Məmmədxanova da öz çıxışında onun haqqında olan təəssüratlarını bölüşüb, səhnədən qardaşına müraciət edib.
Sonra Anar Məmmədxanovun səsi altında “Bakılı oğlanlar” KVN komandası səhnəyə buyurub, mahnı ifa ediblər.
Daha sonra əməkdar artist Tünzalə Ağayeva həyəcanla qeyd edib ki, 15 il öncə Anar Məmmədxanov onu ilk kəşf edənlərdən biri olub. Əməkdar artist sözləri Baba Vəziroğluna aid “Vəfa Borcu” adlı şeiri səsləndirib.
Tədbirin sonunda çıxış edən ictimai xadim və “Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı, Milli Məclisin üç çağırışının deputatı, Day.az informasiya portalının və “Ultra production” prodüser mərkəzinin yaradıcısı cənab Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanova ailəsi adından ilk öncə hər kəsə dərin minnətdarlığını bildirib.
O qeyd edib ki, tədbirə qatılan qonaqların illərdir olan sadiqliyi onları ruhlandırıb və bundan sonra da ruhlandıracaq.
Elvin Əhmədov
Foto: Nüsrət Abdullayev
www.oxu.az