Azərbaycanlı kinorejissor Teymur Hacıyevin “Yara” filmi ən nüfuzlu qısametrajlı film festivallarından biri olan ABŞ-ın “Palm Springs International ShortFest”in müsabiqə proqramına daxil olub.
Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, sözügedən film 2013-cü ildə “FIL PRODUCTION” və “Cinex Azerbaijan Film & Digital production”ın istehsalı olaraq İdarə tərəfindən “Nar Mobile” mobil operatorunun dəstəyi ilə həyata keçirilmiş “Üç tarix” adlı film layihəsi çərçivəsində çəkilib. Baş rollarda gənc rejissor Elmar İmanov, Rasim Cəfərov və Şamil Süleymanlı çəkiliblər.
Layihənin məqsədi gənc Azərbaycan kinorejissorlarına dəstək olmaqdan, onlara özünüifadə imkanı yaratmaqdan, habelə ölkəmizin tarix-memarlıq irsinə marağın artırılmasından ibarətdir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi layihənin reallaşdırılması üçün gənc sənətkarlara çəkiliş zamanı “İçərişəhər” və “Qala” qoruqları ərazisində müvafiq şərait yaradıb.