Bakıda görkəmli rus şairi A.S.Puşkinin abidəsi qarşısında 215 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilib. Təşkilatçılar Səbail rayon İcra Hakimiyyəti, Rusiya Federasiyası səfirliyi və “Sodrujestvo” cəmiyyətidir.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, tədbirdə icra hakimiyyəti, RF səfirliyinin, müxtəlif xalqların mədəniyyət mərkəzlərinin nümayəndələri, Ali və orta məktəb müəllimləri mədəniyyət və incəsənət xadimləri iştirak edib. “Sodrujestvo” cəmiyyətinin sədri Tatyana Kərimova öz nitqində Azərbaycan və Rusiya Federasiyası xalqları arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsində belə tədbirlərin vacibliyini vurğulayıb.
Toplananlar qarşısında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Səbail rayon İcra Hakimiyyətinin başçısının müavini Xalidə Bayramova və digərləri Puşkinin Rusiya ədəbi dilinin inkişafında əməyindən danışıblar. Məhz bu əməyin sayəsində şair yalnız Rusiyada deyil, eləcə də başqa ölkələrdə məşhurlaşıb.
Puşkinin əsərlərini Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşfiq, Nigar Rəfibəyli, Süleyman Rüstəm, Səməd Vurğun kimi görkəmli Azərbaycan şairləri tərcümə edib. Tədbirdə Puşkinin şeirləri Azərbaycan və rus dillərində söylənilib, məktəblilər şairin əsərlərindən səhnələr oynayıblar.