Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə dünya brendi kimi tanınan “City Sightseeing Worldwide” şirkəti ilə bağlanmış razılaşmaya əsasən Bakı şəhərində şirkətin nümayəndəliyi yaradılıb.
Oxu.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, şəhər turu üçün əldə edilmiş bileti 24 saat ərzində “hop on - hop off” sistemi ilə istifadə etmək olar.
Bakı şəhərində təşkil ediləcək bu şəhər turları Bakı şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Dövlət Yol Polisinin təsdiq etdiyi marşrut üzrə qış mövsümündə səhər saat 11:00-dan axşam saat 20:00-dək, yay mövsümündə isə səhər saat 11:00-dan axşam saat 22:00-dək 30 dəqiqə intervalla hərəkət edir.
Marşrutun uzunluğu təxminən 15 km və 1 saat 30 dəqiqə təşkil edir.
Yay mövsümündə avtobusların dam hissəsi açıq vəziyyətdə, qış mövsümündə isə bağlı olacaq.
“Gülərüz Kobra” MAN markalı avtobuslarda ekskursiyalar xüsusi sistemlə yaradılmış avadanlıq vasitəsilə 8 dildə (azərbaycan, rus, ingilis, ispan, alman, fransız, fars və yapon) səsləndiriləcək. Bunun üçün hər bir şəxsə avtobusa daxil olduqda qulaqcıqlar paylanacaq.
Xarici vətəndaşlar üçün biletin qiyməti 20 manat, Azərbaycan Respublikasının vətəndaşları üçün 10 manat təşkil edəcək.
Biletin sahibi bileti əldə etdiyi andan etibarən 24 saat ərzində istənilən miqdarda avtobusa daxil olub turunu davam edə bilər.
Jurnalistlər, otel işçiləri, 5 yaşa qədər uşaqlar və əlil insanlar üçün giriş pulsuz olacaq.
Qarabağ veteranları, təqaüdçülər və tələbələr müvafiq vəsiqələrini təqdim etdikdə, onlar üçün biletin qiyməti 5 manat təşkil edəcək.
Aprel ayının 04-də saat 15:00-da Azadlıq meydanının qarşısında (yolun Dənizkənarı Bulvar hissəsində) Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün mətbuat turu təşkil ediləcək.
Gülnarə Zeynalova
www.oxu.az