Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakının “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsi regionlarımızı da yaradıcı mərkəzə çevirəcək
Bakı səhərinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə qoşulması ölkəmiz üçün tarixi hadisədir.
Oxu.Az-ın məlumatına görə, bunu Bakının UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsinə həsr olunan brifinqdə Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr və innovativ əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə deyib.
Vasif Eyvazzadə bildirib ki, Bakının UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsi paytaxtla yanaşı, regionlarımızın da yaradıcı mərkəzə çevirməyə imkan verəcək:
“Ümumilikdə, bu şəhərlər şəbəkəsinə 246 şəhər daxildir. Bu şəhərlər müxtəlif 7 kateqoriya ilə seçilib. Şəhərlər bu siyahıya incəsənət və sənətkarlıq, dizayn, ədəbiyyat, media və musiqi kateqoriyaları üzrə salınır. Bunların içində Berlin, İstanbul kimi şəhərlər də yer alır. Bakı da dizayn kateqoriyası üzrə siyahıya salınıb. Bu digər regionlarımızı da yaradıcı mərkəzə çevirməyə imkan verəcək. Yəni regionlarımızın yaradıcı sənayesinin inkişaf etdirilməsinə, eləcə də innovativ layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Həmçinin, ölkəmizdə dizayn sahəsində inkişafa zəmin yaradacaq.
“Yaradıcı şəhərlər şəbəkəsi" 2004-cü ildə UNESCO tərəfindən yaradılıb. Əsas məqsəd şəhərlər arası və beynəlxalq əməkdaşlığı gücləndirməkdir.
Bu siyahıya salınan şəhərlərin qarşısına müəyyən öhdəliklər qoyulur. Həmin tələblər nəzərə alınaraq yol xəritəsi hazırlanmalı və onun əsasında müəyyən işlər görülməlidir. Şəhərsalmada əsas məqsəd inkluziv inkişaf faktorudur.
Son vaxtlar Bakıda keçirilən çoxsaylı tədbirlər, paytaxtda qədim memarlıqla müasir memarlığın vəhdət halı, xüsusilə də ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlər bu hadisənin reallaşmasına müsbət töhfəsini verib”.
Sevinc Yasinqızı
Rəylər