Ötən gün Heydər Əliyev Sarayında 3 dekabr “Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş konsert keçirilib.
Oxu.Az xəbər verir ki, Heydər Əliyev Sarayı və “Pənah” əlillərin müdafiəsi cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konsertin hazırlanmasında məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirmək idi.
Konsertdə əməkdar artistlər Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Könül Xasıyeva, müğənnilər Seyran Mirqəniyev, Bəturə Hüseynova, Murad Sadıq və aşıq Telli Borçalı fiziki qüsurlu istedadlara dəstək məqsədi ilə eyni səhnəni bölüşüblər. Müğənniləri səhnədə “Nur” instrumental ansamblı və fiziki qüsurlulardan ibarət “Duyğu” ansamblı müşayiət edib.
Qeyd edək ki, 1992-ci il oktyabrın 14-də BMT Baş məclisi dekabrın 3-nü əlilliyi olan insanların “Beynəlxalq günü” kimi qeyd olunması haqqında bəyannamə qəbul edib. “Beynəlxalq Əlillər Günü”nün məqsədi bütün əlilliyi olan insanların hüquqlarını qorumaqdır.
Aytən Sadıqzadə