Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"
"Mən heç kimdən küsməmişəm, heç kimdən də inciməmişəm. Heç kimlə danışmıram, görüşmürəm. Xoşlamıram, sevmirəm. Televiziyalardan dəvət edirlər, imtina edirəm. Bu yaşımda lazım deyil ki, efirlərə çıxım. İki filmə çəkilmişəm, bəsimdir.
Sadəcə olaraq aidiyyəti qurumlardan bu illər ərzində məni yada salan olmayıb. Nə nazirlik tərəfdən sayıblar, nə də kino işçiləri sayıblar. Ona görə də mən onları tanımıram, heç tanımaq da istəmirəm".
Bunu Moderator.az-a açıqlamasında "Bizim Cəbiş müəllim" filminin "Makedon"u Aqil Ağacanov deyib.
O daha sonra hazırkı işindən danışıb.
"Xalqımla fəxr edirəm. Allah cansağlığı versin hamıya. Mənim sənətim şef-aşpazdır. Bakının ən yaxşı restoranlarında çalışmışam. Pirşağıdakı "Qızılqum" sanatoriyasında uzun müddət şef-aşpaz işləmişəm. Ondan sonra toylara dəvət ediblər, kababçı getmişəm. Bütün Azərbaycan xorəklərini bişirə bilirəm.
1971-ci ildə restoranda işləyəndə heç bizim aşpazlar bilmirdilər ki, "Kiyev kotleti" nədir? Bunları mən Ukraynada öyrənib gəlmişəm. Bu mənim sənətimdir.
45 il toylara getmişəm. 75 yaşım da tamam oldu", - deyə o bildirib.
Aqil Ağacanov bildirib ki, filmdə çəkildiyi həmkarları ilə bu gün əlaqə saxlamır.
"Tez-tez görürəm ki, onlar müsahibə verib deyirlər ki, "Makedon"la əlaqəmiz yoxdur. Mənim də heç onlarla əlaqəm yoxdur. Onlar da bir uşaq kimi filmə çəkiliblər, qurtardı getdi. Onlarla nə əlaqəm olacaqdı ki?! Hərənin öz işi-gücü var.
Oturmuşam öz evimdə-eşiyimdə. Bağım-bağatım, nəvələrim yanımda. Mən 5 babamı tanıyıram. Bizim əslimiz Xorasandan gəlmə türklərdir. Bu gündən sonra mənə heç nə lazım deyil. Dövlətim də pensiya verir, dolanıram, şükür Allaha. Mənə bu gündən sonra kino lazımdır?" - deyə Aqil Ağacanov bildirib.
Rəylər