Budəfəki müsahibimiz Bahar Abdullayevadır (Həmzəyeva).
Bir çox tamaşalarda rol oynamış, son olaraq bir neçə seriala çəkilmiş Abdullayeva Oxu.Az-a müsahibəsində çəkdiyi çətinliklərdən, sovet vaxtı çəkildiyi tamaşanın lentinin çirklənməsindən, bir ara teatrdan ayrılmasından və s. danışıb.
– Əvvəlcə, bundan başlayaq. Bu sənətə necə gəlməyinizi anladardınız...
– Məndən 1979-cu ildə qəbul imtahanını professor Mehdi Məmmədov götürüb. Həmin vaxt yeganə qız idim ki, “Aktyor sənəti və səhnə danışığı"ndan “beş” aldım. Sonradan tələbə yoldaşlarım məni “beş” alan qız kimi göstərirdilər. Mənə institutda Ənvər Dadaşov, Elmira Şabanova, Əlabbas Qədirov kimi məşhurlar dərs deyib. “Dönüş” tamaşası diplom tamaşam olub. IV kursda oxuyanda Sumqayıt Dövlət Teatrından gəlib 5-6 nəfəri bizdən seçdilər. Orda Panço Pançevun “Dörd əkizin nağılı” tamaşasında mənə baş rol verilmişdi – “Bonka” obrazı. Bu tamaşa ilə, demək olar ki, Azərbaycanın doxsan faiz rayonlarını gəzdik. Elə olurdu ki, bir gündə üç tamaşa oynayırdıq. O vaxt indiki kimi şərait yox idi. Toz basmış yerlərdə qalırdıq, köhnə səhnələrdə oynayırdıq. Bu, çox uğurlu tamaşam oldu.
Bundan sonra Ədalət Ziyadxanov, səhv etmirəmsə, 1988-ci ildə məni televiziya tamaşası olan “Almaz”a dəvət etdi. Orda tək mən Sumqayıt Teatrından idim. Muxtar Maniyev, Eldəniz Zeynalov, Vidadi Həsənov, İlham Namiq Kamal kimi təcrübəli aktyorlar bu tamaşada yer almışdı. Tək gənc, o qədər də təcrübəsi olmayan aktrisa mən idim. O vaxt da efirə hər adamı buraxmırdılar. Məni bəyənmişdilər və tamaşa televiziya vasitəsilə çəkildi. Bu tamaşa o qədər uğurlu oldu ki, bir neçə dəfə “Arzular” proqramında onun efirdə verilməsi istənildi, bir neçə dəfə kadrları göstərildi.
– Ancaq nədənsə bu tamaşa efirdə heç göstərilmir. “Youtube”da da bunu tapmaq mümkün deyil. Səbəb nədir?
– Düzdür, bu tamaşa daha göstərilmir. Sonradan öyrəndim ki, həmin tamaşanın çəkildiyi lentə ləkə salınıb. Bu üzdən onu göstərmək mümkün deyil... Bundan başqa, Sumqayıt Teatrında Cəfər Cabbarlının daha bir əsəri olan “Oqtay Eloğlu”da Firəngiz rolunu oynamışam. Mənim tərəf müqabillərim iki aktyor idi. Biri bir gün, digəri o biri gün mənim tərəf müqabilim olurdu (gülür). Bu tamaşa hər il Novruz Bayramında TV-də göstərilir. Qoqolun “Evlənmə” tamaşası da mənim üçün çox uğurlu alınıb. Çox təəssüf edirəm ki, bu tamaşa çəkilmədi. Mənim bəlkə də çox tanınmamağımda, ad ala bilməməyimdə başlıca rol da bundan ibarət olub ki, uğurlu oynadığım çox tamaşa televiziya vasitəsilə çəkilməyib. Rəşad Nuri Güntəkinin əsəri olan “Müvəqqəti ər” tamaşasında da uğurlu rol oynasam da, o çəkilməyib. Görünür, bu tamaşaların rejissorlar tərəfindən reklamının, təqdimatının zəif olması da çəkilişlərə təsir göstərib.

– Sumqayıt Dövlət Teatrından ayrılmağınız nə ilə bağlı idi?
– Mən Sumqayıt Dövlət Teatrında üç il təyinatıma görə məcburi işləmişəm. Ancaq yol problemi mənə çətinlik yaradırdı. O vaxt iki saat vaxtım yola gedirdi. Ordan qayıdanda bəzən Bakıya gəlməyə maşın tapmırdım, az qalırdım ki, küçələrdə qalam. Gecə saat 11-də evə gəlirdim. Bu da azərbaycanlı bir qızın belə vaxtda evə gəlməsi mentalitetimizə uyğun gəlmirdi, qonşular pis baxırdı. Sumqayıt Teatrından ayrılanda direktor Ağalar müəllim məni buraxmaq istəmirdi, arxamca aktyorlar göndərirdi ki, məni qalmağa dilə tutsunlar. Mənə deyirdi ki, sənə ev, fəxri ad veriləcək, qalıb işlə. Halbuki mənim adım orda işlədiyim müddətdə ilk sırada idi, lakin ev verilmədi. Beləcə ordan ayrılıb Bakıdakı Gənclər Teatrına üz tutdum. Orda “Arvadımın qatili”, “Dodaqdan qəlbə”, “Qurbanəli bəy” tamaşalarında oynadım. Məhz bizim son tamaşadakı uğurlu çıxışımızdan sonra “Qurbanəli bəy” başqa aktyorların ifasında televiziyaya çəkildi. Mən “Qurbanəli bəy”də pristavın həyat yoldaşını oynamışdım. Bir də “Leyli və Məcnun” tamaşasında çəkilmişəm. O əsərdə yeddi Leyli və yeddi Məcnun çəkilib. Mən yeddinci Leyli olmuşam. Amma necə çəkiliş olubsa, həmin yerləri efirə verməyiblər. İndi heç kimə sübut edə bilmərəm ki, mən həmin tamaşada oynamışam (gülür).
– Nə əcəb bu qədər uğurlu tamaşaların fonunda sizə Akademik Milli Dran Teatrından təklif gəlməyib?
– Əslində təklif gəlib, sadəcə, öz səhvim ucundan qəbul etməmişəm. O vaxt bizim tamaşaları AzDramadan Həsənağa Turabov izləyirdi. O mənə onlarda işləməyi təklif etmişdi. Lakin ora Gənclər Teatrının rejissoru Hüseynağa Atakişiyevə görə getmədim. Ancaq indi fikirləşirəm ki, gərək gedərdim. Bu mənim səhvim idi. Orda olsaydım, bəlkə də çoxdan xalq artisti idim... Bir müddət Gənclər Teatrı ilə yanaşı, İlham Namiq Kamalın “İlham” Miniatür Teatrında da çalışmışam.
– Səhnədən getməyiniz nə ilə bağlı idi?
– Üzrlü səbəblərə görə təxminən on il işimə ara vermişəm. Uşaqlarda problem olmuşdu. Sonra özüm ağır xəstəlik keçirdim. Ondan sonra da teatra qayıtmağım gec oldu. Teatra götürmürdülər ki, yer yoxdur. Mən teatra qayıtmağa qərar verəndə artıq nə Gənclər Teatrı, nə də “İlham” Miniatür Teatrı vardı. İkisi də bağlanmışdı. Gənclər 2009-cu ildə Gənc Tamaşaçılar Teatrına birləşdirilmişdi. Orda da “gözlə-gözlə” deyə-deyə 5-6 il məni yubatdılar.

– İki il əvvəl Şuşa Dövlət Musiqili Dram Teatrında fəaliyyətinizi bərpa etdiniz. Orda işə götürülmək çətin olmadı ki?
– Şuşa Teatrının direktoru, əməkdar artistimiz Yadigar Muradov mənim əməyimə qiymət verən birisidir. Tamaşalarıma həmişə baxdığı üçün məni tanıyırdı. Belə bir adamın yanında işləmək böyük fəxrdir. Şuşa Teatrının ən böyük çətinliyi səhnəsinin olmamasıdır. Başqa teatrlarda oynayanda pul vermıli olursan. Biz bu problemlə bağlı Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri Azərpaşa Nemətova müraciət etdik. O başda olmaqla, xalq artistlərimiz Hacı İsmayılovla Rafiq Hüseynov bizə elə diqqət göstərdilər, elə şərait yaratdılar ki, onlara nə qədər təşəkkür etsək, azdır. Onlar olmasaydı, biz tamaşalarımızı harda göstərə biləcəkdik ki?! İyunun 11-də baş tutmuş sonuncu tamaşamda – xorvat yazıçı Miro Qavranın “Aktyor əbədiyyətə qovuşan”da əsərində “Yeva” rolunu canlandırmışam. Ordakı rəqslərin hamısı mənim ideyalarım sayəsində ərsəyə gəlib... Hər bir aktrisaya nə lazımdır ki?! Gözəl tamaşaçı, gözəl rollar və yuxarılardan diqqət. Amma mən öz yerimdən də narazı deyiləm. İrəliyə doğru addımlayıram. İnanıram ki, nə vaxtsa əməkdar artist adı da alacağam.
– Son olaraq çəkildiyiniz seriallardan da danışaq. Hansılarda rol almısınız?
– “Xəzər” televiziyasında yayımlanan “Bir ailəm var” serialında “Bibi” rolunu canlandırmışam. Yenə həmin kanalda efirə gedən “Cehizsiz gəlinlər”də “Dilbər” obrazı mənə verilib. “Ümid yeri”ndə isə təmənnasız “Bahar xanım” rolunu oynamışam. Orda qəbiristanlıq səhnəsində elə ağlamışam ki, çox ciddi qarşılanıb.
Səbuhi MUSAYEV
www.oxu.az