Azərbaycanın görkəmli xanəndəsi, bəstəkar, Azərbaycan Respublikasının xalq artisti Əlibaba Məmmədov bu gün ömrünün 84-cü ilinə qədəm qoyur.
Oxu.Az xəbər verir ki, Məmmədov Əlibaba Balaəhməd oğlu 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub.
Əlibaba Məmmədov musiqi təhsilini 1953-1958 ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb.
1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988 illərdə “Azkonsert birliyi”-nin solisti olub. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə “Hümayun” xalq çalğı ansamblını yaradıb və bu günə kimi həmin ansambla rəhbərlik edir.
Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam – dəsgahlarının səsyazıları AzTR Fondunda saxlanılır.
Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar da xanəndələrin repertuarlarına daxil edilib.
“Yaşa məhəbbətim, yaşa ürəyim”, “Gəl bizə, yar”, “Bir dənəsən” və s. Füzuli, Vahid, Mikayıl Müşviq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə kimi Azərbaycan şairlərinin sözlərinə yazılmış bu mahnılar AzTR Fondunda bir çox görkəmli xanəndələrin lent yazısında qorunub saxlanılır.
Əlibaba Məmmədov 1963-cü ildən Bakı Musiqi Kollecində muğamdan dərs deyir, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edir.
Əlibaba Məmmədov həm də dəfələrlə muğam müsabiqələrində münsiflər heyətinin üzvü olub.
Aytən Sadıqzadə
www.oxu.az