Oxu.Az Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Elxan Quliyevin AzNews.az-a müsahibəsini ixtisarla təqdim edir.
- Elxan müəllim, Azərbaycanın ən böyük teatr məkanından – Akademik Milli Dram Teatrından 6 nəfər aktyorun adı Prezident mükafatı siyahısından çıxarılıb. Sizcə bunun səbəbi nədir?
- Məni narahat edən məsələ mükafatların verilmə qaydasıdır. Bilmək istəyirəm ki, görüm Prezident mükafatını bu sənət adamlarına hansı səpkidə, hansı ölçüdə, hansı meyarla və nəyi nəzərdə tutub verirlər? Ulu öndər orada göstərmişdi ki, səhnədə göstərdiyi fəaliyyətlərin, müvəffəqiyyətlərin müqabilində mükafat verilməlidir. Özü də bu mükafat sərəncama görə, bir il üçün nəzərdə tutulur.
Növbəti ildə mütləq bu, dəyişməlidir, yəni başqa adamlara verilməlidir. Amma reallıqda bunun əksini görürük. Yəni, əgər bir il mükafatı aldınsa vəssalam, elə hər il alırsan. Bu necə ola bilər? Elə adamlar var ki, illərlə teatra gəlmir. Elə aktyor var ki, məşqlərə belə qatılmır, amma o, Prezident mükafatı alır.
Mənim adım sonuncu siyahıda da olmadı. Bu Prezident mükafatından kənarda qalmışam. Bu günə kimi bir dəfə də olsun danışmadım. Amma daha məcburam ki, danışam. Danışmamaq mümkün deyil. Bu qədər haqsızlıq, bu qədər sayğısızlıq olar?
- Kimləri uzaqlaşdırdılar?
- Sənubər İsgəndərli, Əlibala Nur, Sabir Məmmdov, Şəlalə Quliyeva, Mətanət Atakişiyeva və s. Elə Şəlalə xanımı götürək. Gənc aktrisadır, yataqxanada qalır. Xəstə anası var. Onu mükafatdan kəsmək nə deməkdir? Siz bunu hara göndərirsiniz?
Trasa? Şəlalə xanım o pulla rahatca həyatını qaydasına qoyurdu və anasına baxırdı. Sevinc Əliyeva ilə Füzuli Hüseynovu isə mükafat alanların siyahısına əlavə etdilər. Bura Azərbaycandır, hər şey ola bilir.
Mən Mərahim müəllimin sizə verdiyi müsahibəsinə də münasibət bildirmək istəyirəm. O, müsahibədə Akademik Milli Dram Teatrında ikitirəlik və ayrı-seçkiliyə yönəlmiş fikirlər deyib.
Onun müsahibəsi Akademik Milli Dram Teatrına ziyandan başqa bir şeyə yaramır. Deyir ki, qocalar gənclərə yer vermir. Elə birinci qoca sənsən, 65 yaşın var. Çıx, qoy yerinə gənclər gəlsin. Kimə nə deyiblər? Kim nə istəyir oynayır.
Hamımız qalmışıq, Mərahim müəllimə otaq veriblər. Bu adam daha nə istəyir? Mən Mərahim müəllimdən belə bir müsahibə gözləmirdim. Onun özü də bilmir nə danışır. O teatrda bir kəsin qarşısını kəsməyiblər. Kimin qarşısı kəsilib, desin də.
İsrafil İsrafilov çalışır ki, nəsə etsin, sözsüz ki, səhvsiz insan yoxdur. Yəni onun da səhvləri var. Yeni bir şey etməyə çalışır, amma hələ ki, alınmır. Deməli, səhv yoldadır ki, alınmır. İsrafil müəllim gənclərə yer verir. Nicat Kazımova səhnə verdi, halbuki o, aktyordur, rejissor deyil.
Gəldi Akademik Teatrda iki tamaşa qoydu, amma alınmadı. Ona demək lazım idi ki, “qardaş, sənə yaxşı yol. Səndə alınmır, get işinlə məşğul ol”. Bu adam “Azdrama”lıq deyil. YUĞ-dakılar da elə. Onların heç biri bizim səhnəyə şedevrlik heç nə edə bilməyib.