Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əməkdar rəssam Münəvvər Rzayevanın anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın Əməkdar rəssamı və ilk monumentalçı heykəltəraş qadını Münəvvər Rzayevanın anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir və sərgi keçirilib.
Oxu.Az xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Suraxanı" gəmi-muzeyində təşkil olunan sərgidə Münəvvər Rzayevanın ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə qonaqlar "Münəvvər Rzayeva: Böyük həyatın səhifələri" adlı filmə baxıblar. Münəvvər Rzayevanın qızı, heykəltəraş Zemfira Mir-Qədirova bildirib ki, onun əsərləri həmişə seçilir:
"Onun əsərlərində bir baxış, özünəməxsusluq var idi. Ona görə də onun əsərlərinə baxan kimi əl işi seçilirdi. Onun dəst-xətti hər zaman seçilib. O, bir əsərin üzərində işləyəndə dərindən detalları araşdırıb üzərində çalışırdı. Məsələn, Mikayıl Müşfiqin əsərinin üzərində çalışmamışdan öncə onun bütün kitablarını oxumuşdu".
Sərgidə iştirak edən heykəltəraş Ömər Eldarov Münəvvər Rzayeva ilə bağlı xatirələrini bölüşüb:
"O, kişi xarakterli qadın idi. Kişi sənəti olmasına baxmayaraq, gənc yaşlarından bu işə başladı və ömrünün sonuna qədər möhtəşəm əsərlər ortaya qoydu. Əsərlərini cəsarət və mərdliklə ərsəyə gətirdi".
Münəvvər Rzayevanın nəvəsi Fidan Mir-Qədirova da sərgi barədə məlumat verib:
"Nənəm səmimi və istiqanlı qadın idi. Bu sərgiyə bir neçə ay öncədən hazırlaşırdıq. Biz onun bəzi əsərlərini bir yerə yığıb bərpa etdik. İlin sonuna qədər vətəndaşlar gəlib sərgi ilə tanış ola bilərlər".
Heykəltaraşa həsr olunan filmin rejissoru Rauf Qurbanəliyev isə bildirib ki, film Bakıda, İmişli, Gəncə, Zaqatala və Xızıda çəkilib:
"Biz səkkiz gün filmi ərsəyə gətirdik. Sənədli bədii film Münəvvər Rzayevanın həyat və yaradıcılığına həsr olunub. Film Münəvvər xanımın yazdığı məktub əsasında çəkilib".
Həmçinin ASCO sədrinin müavini Zaur Nağıyev, ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev, gəmi-muzeyin direktoru Tural İbrahimov onun zəngin təxəyyülü və yüksək peşəkarlığından, onu digər rəssam və heykəltəraşlardan fərqləndirən xüsusiyyətlərindən danışıblar. Qeyd olunub ki, belə tədbir və sərgilər onun əziz xatirəsini yad etməklə yanaşı, yaradıcılığına marağı artırmaq və daha geniş auditoriyada yayılmasına təkan vermək baxımından olduqca əhəmiyyətlidir.
Çıxışlardan sonra tədbir iştirakçıları Münəvvər Rzayevanın yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar.
Sərgidə M.Rzayevanın 30-a yaxın əsəri nümayiş olunub. Sərgi ilin sonunadək davam edəcək.
Qeyd edək ki, Münəvvər Rzayeva 1929-cu il iyunun 6-da Bakıda anadan olub. O, 1946-1950-ci illərdə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1950-1956-cı illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının "Heykəltəraşlıq" fakültəsində təhsil alıb. Psixoloji portret ustası kimi tanınan Münəvvər Rzayeva heykəllərini əsasən qranit, mərmər, bürünc və ağac materiallarından hazırlayıb.
Münəvvər Rzayeva 100-ə yaxın monumental əsərin müəllifidir. Bu əsərlərin sırasında Mikayıl Müşfiq, Hüseyn Cavid, Nəriman Nərimanov, Məhsəti Gəncəvi, M.Ə.Sabir, Mehdixan Vəkilov, Nigar Rəfibəyli, Sevil Qazıyeva, Ayna Sultanova, Nazim Hikmət, Sergey Yesenin və digərlərinin abidə-büstləri heykəltəraşın sənət inciləri arasındadır.
Münəvvər Rzayevanın son əsəri isə ulu öndər Heydər Əliyevin tuncdan olan barelyefidir. Heydər Əliyevin 75 illik yubileyi münasibətilə yaradılmış bu barelyef Qusar rayonunda yerləşən dağın 3763 metr hündürlüyündə olan ən uca dağ zirvəsinə bərkidilib.
M.Rzayeva 1997-ci il də Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülüb.
Görkəmli rəssam 2004-cü il iyunun 6-da Bakıda vəfat edib.
Daha çox foto: PhotoStock.az
Nəzrin Vahid
Rəylər