Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İrəvan Teatrında aktyor şantajda ittiham olundu
İrəvan Dövlət Dram Teatrında daha bir qalmaqal yaşanıb.
Oxu.Az xəbər verir ki, teatrın direktoru İftixar Piriyevin onu şər-böhtan ataraq işdən çıxarmaq istədiyini iddia edən aktyor Elçin Hacıyevdən bu gün Binəqədi rayon 4 saylı Polis İdarəsinə şikayət ərizəsi daxil olub.
Belə ki, İrəvan Teatrında baş rejissorun köməkçisi işləyən aktrisa Müdvər Nemətova aktyor Elçin Hacıyevin onu videoya çəkərək şantaj etdiyini iddia edib və polisə müraciət ünvanlayıb.
Bu barədə saytımıza günahlandırılan Elçin Hacıyev məlumat verib. O bildirib ki, bütün bunlar teatrın direktoru İftixar Piriyevin oyunlarıdır:
“Bizim tamaşamız var idi. Həmin gün baş rejissor bizi saat 14:00 üçün Rus Dram Teatrına çağırmışdı. İftixar Piriyev isə tamaşa olduğunu bilə-bilə həmin gün saat 10:00-da teatrda olmağımızı tələb etdi. Biz isə buna etiraz etdik. İş yerinə gedəndə qol çəkməyimi və saat neçədə işə gəlməyimi təsdiqləyim deyə bunu videoya çəkdim. Bu, tamamilə özümü qorumaq məqsədi daşıyırdı. Məndən başqa bir neçə nəfər də yanımda olub. Müdvər Nemətovanı öyrədərək guya onu təhqir etmişəmmiş kimi bir ab-hava yaradır və məni polisə verirlər. Belə bir şey yaşanmayıb. İftixar Priyev dedi ki, ya özün öz xoşunla ərizəni yaz, işdən çıx, ya da səni polisə şikayət edirik”.
Məsələ ilə bağlı şikayətçi tərəf Müdvər Nemətova ilə əlaqə saxladıq. O bildirdi ki, Elçin Hacıyev onu şantaj edib:
“Bu barədə danışmaq istəmirəm. Bütün sənədləri polisə təhvil vermişəm. Onlar məşğul olur. Elçin məni şantaj edib, cəzasını da alacaq”.
Qeyd edək ki, uzun zamandır İrəvan Teatrında baş verən qalmaqalların ardı-arası kəsilmir.
Qalmaqallarda günahlandırılan yeganə tərəf isə teatrın direktoru İftixar Piriyevdir.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər