2011-ci ildə Gürcüstanla Rusiya arasında bağlanmış gömrük nəzarəti və ticarət monitorinqi haqqında sazişə böyük ümidlər bəsləyirik: onun regionda ticarətin inkişafına güclü təkan verəcəyinə ümid edirik.
Beynəlxalq ticarətdə 2008-ci ildən sonra meydana gəlmiş çətinliklər nədən qaynaqlanıb? Gürcüstanın keçmiş ərazilərində qurulan iki yeni müstəqil dövlət tanınmadığına görə onun gömrük sərhədlərinin hansı ərazilərdən keçdiyi ilə bağlı qeyri-müəyyənlik yaranıb.
Oxu.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin “Kommersant”a verdiyi müsahibədə səsləndirib.
“2011-ci ilin sazişi bu məsələyə lazımi şəkildə aydınlıq gətirib. Həmin beynəlxalq sazişdə Gürcüstan Gömrük Xidməti üçün ayrılmış yerlərin dəqiq coğrafi koordinatları göstərilib. Bu, Rusiya ilə sərhəddə yerləşən Kazbek rayonu, İnquri çayından cənubda olan ərazi (həmin yerdən qondarma Abxaziya Respublikası başlayır - red.), Qorinin ətrafıdır (qondarma Cənubi Osetiya Respublikası sərhədləri yaxınlığında - red.)”, - deyə Q. Karasin bildirib.
Bu sazişin gerçəkləşməsindən Ermənistanın faydalanacağı, Moskvanın isə bunu özündən çox İrəvanın xahişi ilə etdiyi ilə bağlı iddialara Q.Karasin belə cavab verib:
“Ermənistan, həqiqətən də, xahiş edib. Ancaq indiki halda söhbət İsveçrənin vasitəçiliyi ilə Rusiya və Gürcüstan arasında bağlanmış ikitərəfli sazişdən gedir. Sazişdə hər hansı üçüncü dövlətlər, o cümlədən Abxaziya və Cənubi Osetiya üçün öhdəliklər nəzərdə tutulmayıb”, - deyə rəsmi bildirib.