Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür
Mayın 5-i şair, Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş professor Əhməd Cavadın doğum günüdür.
Oxu.Az xatırladır ki, Axundzadə Cavad Məhəmmədəli oğlu (Əhməd Cavad) 1892-ci ildə Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub.
Gəncə ruhani seminariyasında (1906-12), Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsində (1922-27) təhsil alıb.
Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulub. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir.
O, Quba Xalq Maarif Şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-33), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-36) işləyib.
Şeirləri 1913-cü ildən çap edilib. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı, 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunub. Onun məşhur "İstiqlal uğrunda şeirlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılıb.
Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olub, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilib. Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad haqsız olaraq həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb, 1937-ci il cəza tədbirlərinin qurbanı olub.
"Əhməd Cavad" teqi üzrə xəbərlər
- "Əhməd Cavadın məzarı yoxdur, amma ruhu bütün türk dünyasında yaşayır" - Nəticəsi danışır
- Vətəndaşların NƏZƏRİNƏ - Sabah Bakıda 27 marşrutun hərəkət istiqaməti dəyişdiriləcək
- Gəncədə məktəblilər arasında baş verən davada xəsarət alan şəxs Bakıya gətirildi
- Gəncədə məktəblilər arasında DAVA - Xəsarət alan var
- Azərbaycan televiziyasının fədakar siması – Lətifə Tağıyevanın doğum günüdür