Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə "MDB-nin mədəniyyət paytaxtı - 2025" ilinin rəsmi bağlanış mərasimi münasibətilə xarici qonaqlar üçün Laçında şəhər gəzintisi olub.
Oxu.Az-ın Laçına ezam olunan əməkdaşının məlumatına görə, gəzintidə Belarus, Rusiya, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistandan olan qonaqlar iştirak ediblər. Qonaqlar əvvəlcə "Gilabi Ceramics" Mədəniyyət Mərkəzində olublar.
Bildirilib ki, burada rəngkarlıq, qrafika, heykəltəraşlıq kimi dekorativ tətbiqi sənətkarlıq sahələrinin nümayəndələri fəaliyyət göstərir.
Həmçinin "Yurd Gallery"də nümayiş olunan sərgilərlə tanış olan qonaqlara məlumat verilib ki, qalereya işğaldan azad olunmuş ərazilərdə açılmış ilk mədəniyyət və incəsənət məkanıdır.
Buranın əsas məqsədi Qarabağın zəngin mədəni irsinin təbliği, yerli və beynəlxalq sənətkarlar arasında körpü yaratmaq və Laçın şəhərinin mədəni və yaradıcılıq mərkəzi kimi mövqeyini gücləndirməkdən ibarətdir.
Qalereyada sərgisi nümayiş olunan laçınlı rəssam Yusif Mirzə də, öz növbəsində, yaradıcı düşüncəsi barədə fikirlərini bölüşüb.
Rəssam yaradıcılığında işğal dövründə Laçın həsrəti və azad olunduqdan sonra isə Laçının dirçəlişinin əsas motiv olduğunu diqqətə çatdırıb.
Daha sonra regional audiovizual mərkəz kimi fəaliyyət göstərən "Hoçazfilm" studiyası ilə tanışlıq olub.
Bildirilib ki, Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarət olan studiya və pavilyonu texniki təchizat, o cümlədən səs, işıq izolyasiyası baxımından beynəlxalq standartlara uyğun şəkildə qurulub.
Qeyd edək ki, Laçın şəhərində "MDB-nin mədəniyyət paytaxtı - 2025" ilinin rəsmi açılış mərasimi iyunun 3-də keçirilib.
Xatırladaq ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü il 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci il üçün "MDB-nin Mədəniyyət Paytaxtı" elan edilib.
Samir Əli