Vokal ifaçısı, Azərbaycan Dövlət Filarmoniyasının solisti, müğənni Lətifə Soyuöz uzun müddətdir üzərində çalışdığı “6/8” layihəsinin təqdimatını keçirib.
Oxu.Az-ın məlumatına görə, Dövlət Filarmoniyası, Dövlət Mahnı və Rəqs Ansamblı və Lətifə Soyuözün birgə hazırladığı layihə böyük maraqla qarşılanıb. Dövlət Filarmoniyasının səhnəsində 6/8 ritmində üç mahnı səsləndirən Lətifə hər kəsi təəccübləndirib.
Müğənni layihəyə daxil olan “Arzu qızım”, “Həştərxana gedən gəmi” və “Atabarı” mahnılarından sonra hər kəsə sürpriz edib. 28 May Respublika Gününə həsr edilən mərasimdə L.Soyuöz musiqisi Kamala, sözləri Baba Vəziroğluna aid olan “Sən elə bir zirvəsən ki” bəstəsini səsləndirib. Hər çıxışı alqışlarla qarşılanan sənətçiyə gecəyə qonaq qismində qatılan tanınmışlar da fikir bildirib.
Şair Baba Vəziroğlu Lətifənin çıxışı ilə bağlı bunları deyib:
“Bu mərasimin bu dərəcə maraqlı olacağını təsəvvür etmirdim. Lətifə unikal sənətçidir. Milli ritmlərlə belə bir mahnıları təqdim etməyi böyük iş idi. Onun növbəti çıxışı Heydər Əliyev Sarayında olacaq”.
Xalq artisti Faiq Ağayev müğənninin maraqlı layihəyə imza atdığını bildirib.
Müğənni Rəhim Rəhimli L.Soyuözə tərfilər yağdırıb:
“Düşünürdüm ki, adi, az adamın toplaşacağı bir tədbir keçəcək. İnanmazdım ki, bu qədər insan Lətifə üçün bura yığışar. Çünki belə tədbirlər sənət aləmində çox az olur. Lətifə yaradıcı insanlarla çalışır. Bu, onun uğurudur. Layihədə əməyi keçənlərdən biri də Yaşar Baxışdır”.
Həyəcanlı olduğunu deyən L.Soyuöz təəssüratlarını bölüşüb:
“Çox həyəcanlı idim, məsuliyyətim böyük idi. Dövlət Filarmoniyasının öz ağırlığı var. Bu, məndəki məsuliyyət hissini daha da çoxaldırdı. Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının rəqqasları səhnədə mənə güc verirdi. 6/8 ritminə daxil olan üç mahnı - “Həştərxana gedən gəmi”, “Arzu qızım”, “Atabarı” təqdim etdim. Tədbiri 28 may Respublika Gününə həsr etdiyimiz üçün “Sən elə bir zirvəsən ki...” mahnısını səsləndirdim.
Bu bəstəni böyük sənətkarlardan sonra oxumaq mənim üçün böyük məsuliyyət idi. Amma auditoriyadakı alqışlardan sonra rahat oldum ki, alındı. Mən oxuyanda zaldakı insanlar da mənlə bərabər səsləndirirdi. Bu layihə mütləq şəkildə xaricə çıxmalıdır. Bu, həm bizim, həm də əcnəbilərin başa düşəcəyi bir format idi. Mahnıda milli və rok üslubu sintez olunub”.
Gecədə qonaqlar sırasında müğənni Elçin Cəfərov da yer alıb.
Gecənin aparıcısı Azər Süleymanlı olub. Sənətçinin geyimləri isə modelyer Renat Ramazanova məxsus idi. Layihənin baletmeysteri Cəmilə Bayramova, rəqsin məşqçisi və rejissoru Ceyhun Qubadov, direktoru Elçin Abbasov, musiqi direktoru Yaşar Baxış olub. Sənətçini sazda Elmir, zurna və tütəkdə Hikmət, gitarada Hafiz Baxış müşayiət edib.