Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mikayıl Müşfiqin əmisi nəvəsi:"Onun qalıqlarını tapmaq üçün qardaşımdan nümunə götürdülər"
"Mikayıl Müşfiqə aid olduğu iddia edilən meyit qalıqlarının üzərində DNT analizi aparılıb və həmin qalıqların ona aid olmadığı təsdiqlənib. Bu xəbər bizi məyus etdi. Ümid olmuşduq ki, qalıqlar onundur. Mikayıl Müşfiqin 110 illiyində qardaşımdan nümunə götürdülər. Hətta mən Müşfiqin bacısının məzarının açılmasına da razı idim. Onlara da demişdim ki, biz ailəsi olaraq buna etiraz etmirik. Bu dəfə də onun qalıqlarını tapıb yerbəyer edə bilmədik. Müşfiqin məzarı olmasa da, öz həyatını xalqın uğrunda qurban verdiyi üçün onun məzarı xalqın ürəyindədir. Dünən Bakıda Müşfiqin heykəlinin qarşısında idik. Sonra Xızıdakı ev muzeyinə gedib tədbirin ardını orada davam etdirdik".
Bunu Moderator.az-a açıqlamasında Mikayıl Müşfiqin əmisi nəvəsi Reyhanə İsmayılzadə deyib.
O daha sonra bildirib ki, Müşfiqin Xızının Sayadlar kəndindəki ev muzeyində təmir işləri ləng gedir.
"Mədəniyyət Nazirliyinə müraciət etmişik, amma hələ heç bir cavab yoxdur. Bir dəfə çağırdılar bizi, getdik Xızıya. Nazirliyin region üzrə nümayəndəsi gəlib siyahı tutdu, yazdı. Yazdıqları da kağız üzərində qaldı. Heç bir iş getmir. Kənd camaatı muzeyə gedən yola beton plitələr yerləşdirib. Müəyyən şeylər var ki, onu adi insanlar, müşfiqsevərlər ediblər. Müşfiq bizim nəslin yox, bütün xalqın övladıdır. Onsuz da o həyatdan nakam getməyi ilə bizi üzüb, şairə biganə münasibət isə bu gün bizə heç xoş deyil", - deyə şairin qohumu bildirib.