Azərbaycan milli mətbuatının 151 illiyi münasibətilə keçirilən "Dini mövzuların mediada təqdimatı: Dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfrans çərçivəsində "Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti" adlı II panel sessiya təşkil olunub.
Oxu.Az-ın məlumatına görə, sessiyaya Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurası sədrinin müavini, əməkdar jurnalist Vüqar Zifəroğlu moderatorluq edib.
Teleradio Akademiyasının rektoru Almaz Mahmud sessiyada çıxış edərək Azərbaycanda dini jurnalistika sahəsində ixtisaslaşmış peşəkar bir təşkilatın olmadığını qeyd edib. Onun sözlərinə görə, ölkənin coğrafi mövqeyi, dini müxtəlifliyi və sahənin həssaslığı belə bir qurumun fəaliyyətini zəruri edir. A.Mahmud əlavə edib ki, işğal dövründə məscidlərimizdə törədilən vandalizm aktlarının dünyaya çatdırılmasında media institutlarının rolu daha fəal olmalı idi.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, filosof Müşfiq Ötkün bildirib ki, dini dəyərlərin çatdırılmasında təkcə məlumatlılıq kifayət etmir. O, dini müzakirələrdə tez-tez ikinci dərəcəli məsələlərin ön plana çıxarıldığını, dinin əsasını təşkil edən əxlaq və mənəviyyatın, yəni "məna yaradıcılığı"nın diqqətdən kənarda qaldığını vurğulayıb.
Diksiya Akademiyasının direktoru, natiqlik üzrə təlimçi Cəlalə Nəzəroğlu deyib ki, Azərbaycanda dini adət-ənənələrin qorunmasında müxtəliflik mövcuddur:
"Din rituallar bir çox hallarda ailələrin, şəxslərin məsələyə kontekst yanaşması fonunda şərh edilir. Dini mövzularda jurnalistikanın ortaya qoyduğu materiallar isə bizə məsələ tamam fərqli yanaşmağı təlqin edir. İnsanların dünya görüşü ilə bağlı isə keçmişdən gələn tabular var. Sözsüz ki, dini, fəlsəfi mövzularda hər birimiz daha diqqətli olmalıyıq".
Cəlalə Nəzəroğlu hesab edir ki, dinlə bağlı cəmiyyətdə fərqli fikirlər, daha çox insanların dünya görüşü ilə izah edilir:
"Din mövcud olduğu dövrdə fərqli fikirlər daha çox olub. O dövrdə də missionerlər təbliğatla insanları öz arxasınca apara biliblər".