FIFA dünya çempionatı başa çatana qədər Argentina millisinin oyunçularını siyasi məzmunlu bannerə görə cəzalandırmayacaq.
Oxu.Az bu barədə "Cope" radiostansiyasına istinadən xəbər verir.
Məlumata görə, FIFA baş vermiş hadisə ilə bağlı intizam işi açacaq, lakin müvafiq qərar DÇ-2026-nın İspaniya və Argentina milliləri arasında keçiriləcək final oyunundan sonra veriləcək.
Xatırladaq ki, final qarşılaşması iyulun 19-da baş tutacaq.
İngiltərə yığması üzərində qələbədən dərhal sonra Argentina seçmə komandasının oyunçuları yaşıl meydançada "Las Malvinas son Argentinas" ("Malvin adaları Argentinaya məxsusdur") sözləri yazılmış pankart nümayiş etdiriblər.
Bu barədə Oxu.Az xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, Malvin adlandırılan ərazi əslində Böyük Britaniyanın dənizaşırı mülkü olan və Buenos-Ayres tərəfindən suverenliyi mübahisələndirilən Folklend adalarıdır. 1982-ci ildə isə bu arxipelaqa nəzarət uğrunda Argentina və Böyük Britaniya arasında hərbi qarşıdurma yaşanıb. Yekunda adaların idarəçiliyi Londonun ixtiyarında qalıb.
Xatırladaq ki, bir müddət əvvəl də Argentina hökuməti azarkeşlərə dünya çempionatının yarımfinal matçında siyasi xarakterli şüar və simvolların nümayişini qadağan etmişdi. Bu addımın zorakılığa yol açmamaq məqsədilə atıldığı bildirilib.
Argentinanın təhlükəsizlik naziri Alexandra Monteoliva "La Voz" radiosunun efirində argentinalı azarkeşlərin Malvin (Folklend) adalarının təsviri olan köynəklər və ya bayraqlarla dünya çempionatının İngiltərə ilə yarımfinal oyununa buraxılmayacağı bildirmişdi.