15-16 dekabr tarixlərində Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq YUNESKO-nun Qeyri-maddi mədəni irsinin qorunması haqqında Konvensiyasının yerinə yetirilməsi üzrə milli seminar keçirildi.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, seminarın keçirilməsində əsas məqsəd Konvensiyanın məqsədləri, mexanizmləri, operativ direktivləri, konvensiya ilə əlaqədar ölkələrin öhdəlikləri, konvensiyada müəyyən edilən əsas anlayışlar haqqında məlumatlılığın artırılması, qeyri-maddi mədəni irsin qoruma tədbirlərinin növləri, riskləri və planları haqqında müzakirələrin aparılması idi.
Seminarda Azərbaycan Milli Elmlər Akademiyasının, ölkənin aparıcı muzeylərinin nümayəndələri, qeyri-maddi mədəni irsin tədqiqi və mühafizəsi ilə məşğul olan şəxslər iştirak edirdilər.
Seminarın bağlanış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edərək, Nazirlik adından iştirakçılara təşəkkür bildirdi və qeyd etdi ki konvensiyanın tələblərini və müvafiq təlimatları daha dərindən mənimsənilməsi Azərbaycanın YUNESKO-ya öz mədəni elementlərinin nominasiya sənədlərini yüksək peşəkarlıqla hazırlayaraq təqdim etməsi və onların qorunması, həmçinin xalqımızın mədəni irsinə qarşı işğalçı Ermənistanın təcavüzünün qarşısının beynəlxalq sənədlərə istinad etməklə alınması kimi iki vacib amillə bağlıdır.
Sonda iştirakçılara sertifikatlar təqdim edildi və seminarın gələcəkdə daha böyük auditoriya üçün təşkil edilməsinə baxılacağı qərara alındı.