Noyabrın 24-də Dövlət Musiqili Teatrında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, tədbir Prezident İlham Əliyevin Nəsibə Zeynalovanın 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunub.
Əvvəlcə tədbir iştirakçıları teatrın foyesində sənətkarın yaradıcılıq yolundan bəhs edən fotosərgiyə baxıblar.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev milli mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş korifey sənətkar, fitri istedadı ilə xalqımızın çoxəsrlik zəngin mədəniyyət salnaməsində silinməz iz qoymuş, parlaq yaradıcılıq yoluna malik olan Nəsibə Zeynalovanın ömür yolundan və yaradıcılığından danışıb.
Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemət N.Zeynalova ilə bağlı xatirələrini bölüşüb və onun sənətinin əbədiyaşarlığından söz açıb.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli deyib ki, Nəsibə Zeynalova müxtəlif səhnə əsərlərində və filmlərdə yaratdığı bənzərsiz obrazlarla adını Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə həkk edib.
Gecədə sənətkarın keçdiyi ömür yolu, yaratdığı rollar videomateriallar vasitəsilə bir daha iştirakçılara təqdim edilib. Aktyorların ifasında Nəsibə Zeynalovanın sənət dünyasından bəhs edən gülüş dolu səhnəciklər nümayiş olunub.
A.S.
www.oxu.az